REGİONLAR
Neftçalada modul tipli 7 məktəb binası quraşdırılır
Neftçala, 11 yanvar, Mahir Babayev, AZƏRTAC
Son illər ölkəmizdə təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. Qəsəbə və kəndlərdə yeni-yeni məktəb binaları tikilib istifadəyə verilir, mövcud binalar isə əsaslı təmir olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Neftçala rayonunda da bu istiqamətdə xeyli iş görülüb. Son illər rayonda 15 yeni məktəb binası tikilib istifadəyə verilib, 3 bina isə əsaslı təmir olunub. Təkcə 2016-cı ildə rayonun ayrı-ayrı kəndlərində 5 modul tipli məktəb binası quraşdırılaraq şagirdlərin ixtiyarına verilib. Dövlətimizin başçısının Sərəncamı ilə ötən ildən başlayaraq rayonda modul tipli daha 7 məktəb binası quraşdırılır.
Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov bildirib ki, məktəb binaları rayonun Mirzəqurbanlı, Pirəppə, Qaraqaşlı, Aşağı Sura, Xoltəzəkənd, Xolqaraqaşlı və Qazaxbərə kəndlərində inşa olunur. Ümumi orta məktəblər üçün nəzərdə tutulan binaların beşi 56, ikisi isə 80 şagird yerlikdir. Artıq Pirəppə və Qaraqaşlı kəndlərində 56 şagird yerlik ümumi orta məktəb üçün quraşdırılan tikililərdə inşaat işləri yekunlaşıb. Qalan 5 binanın tikintisində işlər sürətlə davam etdirilir.
Məktəb binalarının inşası yeni dərs ilinə kimi başa çatdırılacaq.