REGİONLAR


Neftçalada növbəti suvarma mövsümünə hazırlıq görülür VİDEO

Bakı, 5 dekabr, AZƏRTAC

Neftçalada növbəti suvarma mövsümünə hazırlıq görülür.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Neftçala Suvarma Sistemləri İdarəsi rayon ərazisində suvarıla bilən 38 min hektardan artıq əkin sahəsinin suvarılmasına xidmət edir. İdarə tərəfindən 2022-ci ildə əkilən 21500 taxıl sahəsi 2,6 dəfə, 8790 hektar pambıq sahəsi 3,7 dəfə, 6072 hektar yonca sahəsi 9,1 dəfə, digər əkinlər - bostan- tərəvəz, hǝyǝtyanı, qarğıdalı və bağ sahələri orta hesabla 9,3 dəfə suvarılıb və suvarma uğurla yekunlaşıb. Bundan başqa, idarənin balansında olan 1369 ədəd hidrotexniki qurğudan 26 ədədində cari təmir işləri aparılıb. Su itkilərinin qarşısını almaq məqsədilə idarənin balansında əsaslı təmirə ehtiyacı olan latok sisteminin 900 metrlik hissəsində hazırda yeni nov sistemi çəkilməkdədir.

Cari ilin 10 ayında idarənin balansında olan 1026 kilometr kanaldan, 314 kilometrində lildən təmizləmə işləri aparılıb. Növbəti ilin məhsulu üçün 21000 hektar taxıl, 6500 hektar pambıq, 8400 hektar yem vǝ 2258 hektar digər bitkilərin suvarılması planlaşdırılır. Bu sahələrin suvarma suyu ilə təminatı üçün suvarma kanallarının lildən təmizlənməsi sürətlə aparılır. Görülən meliorativ tədbirlər nəticəsində hər il əkin aparılan sahələrdən bol məhsul əldə edilir.

Suvarma mövsümü yekunlaşsa da, Neftçala Suvarma Sistemləri İdarəsi tərəfindən 2023-cü ilin məhsulu üçün əkilən 5160 hektar taxıl sahəsinin 1180 hektarında, 740 hektar yem sahəsinin 660 hektarında artıq suvarılma aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.