REGİONLAR
Neftçalada pambıq yığımına start verilib
Neftçala, 3 sentyabr, Mahir Babayev, AZƏRTAC
Neftçalalı pambıqçılar plantasiyalarda pambıq yığımına başlayıblar.
AZƏRTAC xəbər verir ki, bu il rayonda 1500 hektardan çox sahədə pambıq əkilib.
Ötən illər pambığın satınalma qiymətinin aşağı olması səbəbindən Neftçala rayonunda bu sahəyə maraq ilbəil azalmışdı. Son vaxtlar pambıq əkininə dövlət tərəfindən xüsusi diqqət göstərilməsi və pambığın satınalma qiymətinin artırılması strateji məhsulun istehsalına marağı xeyli artırıb.
Torpaq sahibi Rafael Hüseynov bildirib ki, ötən illərdə 35-40 hektar sahədə pambıq əkib. Dövlətin bu sahənin inkişafına diqqət və qayğısından sonra əkin sahəsini artıraraq bu il 81 hektara çatdırıb. Növbəti illərdə isə əkin sahəsini 100 hektara çatdırmaq fikrindədir.
Fermerlərin dediyinə görə, əvvəllər pambıq əkinində ciddi problemlərlə qarşılaşsalar da, bu il heç bir çətinlikləri olmayıb. Tarlalar düzgün, aqrotexniki qaydada becərildiyindən sahələrdə bol məhsul yetişib. Torpaq sahibləri yerli sort olan “ağ qızıl” əkiblər ki, bunun da hər qozası 3,5-4 qramdır. Hazırda sahələrdə pambıq yığımı sürətlə davam edir. Fermerlər gün ərzində plantasiyalardan 3,5-4 ton məhsul toplayaraq qəbul məntəqələrinə təhvil verirlər.
Mütəxəssislərin fikrinə görə, bu il hər hektar pambıq sahəsindən 20-25 sentner məhsul götürmək mümkün olacaq. Rayonda kütləvi məhsul yığımına isə bir neçə gündən sonra başlanılacaq.
Rayonda pambıqtəmizləmə müəssisələri və qəbul məntəqələri də məhsul qəbuluna tam hazır vəziyyətdədir.