REGİONLAR
Neftçalada tərəvəz sahələrindən toplanan məhsul ötən ildəkindən 10 faiz çoxdur
İmişli, 21 sentyabr, Mahir Babayev, AZƏRTAC
Neftçalada bu mövsüm 124 hektar sahədə tərəvəz əkilib. Bunun da 33,1 hektarı pomidor, 36,8 hektarı isə xiyar sahəsidir. Məhsul istehsalçıları əkin sahəsində nümunəvi becərmə işləri apardıqları üçün plantasiyalarda məhsul ötən ildəkindən çoxdur.
Rayon statistika idarəsinin rəisi Şahin Mənəfov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu il neftçalalı əkinçilər erkən yazda ümumilikdə 69,9 hektar sahədə pomidor-xiyar bitkisi becəriblər. Bu da ötən ildəkindən 2,4 hektar çoxdur. Məhsul yığımına vaxtında başlayan torpaq sahibləri cari ilin 8 ayı ərzində sahələrdən ümumilikdə 764,1 ton məhsul toplayıblar. Bunun da 360,2 tonunu pomidor, 403,9 tonunu isə xiyar təşkil edir. Hər hektar pomidor sahəsinin məhsuldarlığı 108,8, xiyar sahəsininki isə 109,8 sentner olub. Hələ sahələrdə məhsul çoxdur. Mütəxəssislərin hesablamalarına görə, bundan sonra sahələrdən daha 150-200 tona yaxın məhsul toplamaq mümkün olacaq. Fermerlər yetişdirdikləri məhsulu itkisiz toplamaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.
Qeyd edək ki, neftçalalı əkinçilərin 8 ayda istehsal etdiyi pomidor-xiyar ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz çoxdur.