REGİONLAR
Neftçalada yazıçı Böyükağa Mikayıllının rayon təhsil işçiləri ilə görüşü olub
Neftçala, 5 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Neftçala rayon Heydər Əliyev Mərkəzində təhsil sahəsi üzrə tədqiqatçı-jurnalist, yazıçı Böyükağa Mikayıllının rayon təhsil işçiləri, ümumtəhsil məktəb müəllimləri ilə görüşü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin direktoru Könül Məmmədova jurnalistin dünyanın aparıcı ali təhsil müəssisələri, məşhur müəllif məktəbləri, təhsil sistemləri, qlobal təhsil layihələri, məktəbəqədər təhsil müəssisələri ilə bağlı bir çox tədqiqatlarından söhbət açıb.
Müəllifin həyat və fəaliyyətindən ibarət videoçarx nümayiş olunduqdan sonra qonaqlar çıxış edərək təhsil sahəsində bir sıra beynəlxalq və respublika miqyaslı layihənin ideya müəllifi və koordinatoru olan Böyükağa Mikayıllıya Azərbaycan müəlliminin, təhsil işçisinin, təhsil tədqiqatçılarının qarşısında dünyanın təhsil mənzərəsinə açdığı pəncərədə nailiyyətlər arzu ediblər.
Tədbirdə çıxış edənlər bildiriblər ki, müəllifin 1200-dən çox məqaləsi var və məqalələri xarici ölkələrin elmi, ədəbi jurnallarında dərc edilib. “Azərbaycanın təbiət abidələri”, “İşıq”, “Yaradıcılıq axtarışları”, “Müasir dərs, yeni yanaşmalar”, “Bir ömrün simfoniyası”, “Bir səma altında”, “Dünyanın Kıbrısı, Kıbrısın dünyası”, “Yanuş Korçak: Dahi pedaqoqlar silsiləsindən” və digər kitabların müəllifidir. Kitablar türk, rus, ingilis və Ukrayna dillərinə tərcümə edilib.