REGİONLAR


Neftçaladakı çimərlikdə sakinlərin təhlükəsizliyinə ciddi nəzarət olunur

Neftçala, 19 iyul, Mahir Babayev, AZƏRTAC

Yayda istirahət üçün kimisi dağlar qoynuna, kimisi dənizə, kimisi də çaya üz tutur. Qızmar yay günlərində neftçalalıların da ən çox üz tutduğu yerlərdən biri Kür çayının sahilidir. Çayın sahilində yaradılan çimərlik yay aylarında rayon sakinlərinin, xüsusilə yeniyetmə və gənclərin sevimli istirahət məkanına çevrilir. Bura gələnlər suya baş vuraraq sərinləyir, qızmar qum üzərində uzanaraq günəş şüası qəbul edirlər. Sakinlər dənizdən fərqli olaraq Kür çayında çimməyin özünəməxsus özəlliklərinin olduğunu deyirlər.

Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və suda xilasetmə dövlət xidməti Neftçala məntəqəsinin rəisi Ceyhun Xankişiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hər il olduğu kimi bu il də çimərliyə gələnlərin təhlükəsizliyini təmin etmək üçün sahilboyu müəyyən olunmuş xətt üzrə nişanlar qoyulub, müşahidə qülləsi quraşdırılıb, ərazidə maarifləndirici plakatlar asılıb. Nişanlardan kənara çıxanlara və digər çimərlik qaydalarını pozanlara dərhal xəbərdarlıq edilir. Bəzən uşaqlar valideynlərinin nəzarətindən çıxaraq sərinləmək üçün Kür çayının qeyri-çimərlik ərazilərinə və yaxud da su kanallarına üz tuturlar. Sonluq isə faciə ilə bitir. Şükürlər olsun ki, builki çimərlik mövsümündə rayonda hələ ki, suda boğulma halları qeydə alınmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.