CƏMİYYƏT


Neftçaladakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiyayönümlü sosial xidmətlər göstərilir

Bakı, 15 fevral, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevlə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə rayonda yaradılmış günərzi qayğı mərkəzinə baxış keçirib. Mərkəzdə yaradılmış şərait, göstərilən günərzi qayğı xidmətləri nəzərdən keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, nazir göstərilən sosial xidmətlərdə yeni və daha səmərəli metodların tətbiqi, bu xidmətlərin əsasən reabilitasiya istiqamətində təşkili, əməkdaşların peşəkarlıq səviyyələrinin artırılması və s. barədə öz tapşırıqlarını verib.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri əsasında ixtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən icra olunan sosial xidmət layihələri çərçivəsində 4 mindən çox uşağa reabilitasiyayönümlü sosial xidmətlər göstərilir.

Qeyd edək ki, Neftçala rayonundakı günərzi qayğı mərkəzi çətin həyat şəraitində olan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların sosial xidmətlərə çıxışının təmin edilməsi, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması məqsədilə yaradılıb. Burada 30-dan çox uşaq gündəlik olaraq və gün ərzində yarımstasionar formada xidmətlərlə təmin edilir. Onların bacarıqlarının artırılması üçün müvafiq işlər aparılır. Bunun üçün uşaqların maraq və qabiliyyətləri nəzərə alınmaqla müxtəlif dərnəklər yaradılıb. Azyaşlıların vaxtlarının səmərəli keçməsi məqsədilə onlar üçün müxtəlif mədəni tədbirlər, ekskursiyalar, əyləncə mərkəzlərinə gəzintilər də təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.