REGİONLAR


Neftçalalı fermerlər taxıl zəmilərindən bol məhsul götürürlər FOTO VİDEO

Neftçala, 5 iyul, İsmayıl Cəfərli, AZƏRTAC

Böyük taxılçılıq rayonlarından olan Neftçalada taxıl biçini uğurla davam etdirilir. Yüksək məhsuldar toxum növləri əkən neftçalalı fermerlər sahələrdən bol məhsul götürürlər.

AZƏRTAC xəbər verir ki, Neftçala respublika üzrə ən çox taxıl əkini aparılan rayonlardan biridir. Artıq demək olar ki, rayonun taxıl sahələrində biçin yekunlaşmaq üzrədir. Biçin kampaniyasının vaxtında başa çatdırılmasını təmin etmək, habelə məhsul istehsalçılarına əməli kömək göstərmək məqsədilə bütün zəruri işlər görülüb. Rayonun Bala Surra kənd sakini Aslan Nağıyev də biçin aparan yüzlərlə fermerdən biridir. Fermer məhsulun bu il də çox olacağını deyir: “Ötən il 1,34 hektar sahədən 6 ton məhsul götürdüm. Sağ olsun dövlətimiz, bizim üçün hər cür şərait yarıdıb. Bu il 2,16 hektar sahədə taxıl əkmişəm. Kombayn gəlib, biçin aparır. Çətinliyimiz yoxdur. Subsidiyamı, gübrəmi vaxtında almışam. Bu il hər hektardan 50 sentner məhsuldarlıq gözləyirəm”.

Fermerlər tərəfindən biçindən sonra taxıl sahələrinin yandırılması məsələləri bu il də aktualdır. Neftçalada da bu məsələlərə ciddi nəzarət olunur. Mütəxəssislər də deyirlər ki, biçindən sonra taxıl sahələrinin yandırılması gələcəkdə məhsuldarlığın ciddi azalması deməkdir.

Kənd təsərrüfatı mütəxəssisi Rəfael Hüseynov: “Fermerlərə tövsiyəmiz budur ki, biçindən sonra əkin sahələrində yanğın işləri aparmasınlar. Yanğın aparılan sahələrdə torpağın münbit qatı zədələnir və növbəti illərdə məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Biçilmiş sahələrdə qalan küləş qalıqları payız əkinində mineral gübrə kimi torpağa qarışır və növbəti illərdə məhsuldarlığın daha da artmasına səbəb olur”.

Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, bu il rayonda 39 min 926 hektar sahədə taxıl əkini aparılıb. Onun 34 min 826 hektarı arpa, 5100 hektarı isə buğda sahəsidir. Fermerlər əsasən “Qarabağ 22”, “Baharlı” və “Bərəkətli 95” sortları əkiblər. Hazırda sahələrdə biçin uğurla davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.