REGİONLAR
Neftçalalı gənclər çinşünas alim Aqşin Əliyevlə görüşüblər
Neftçala, 19 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyi və Neftçala rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Qonağımız var" layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının yaradıcısı və müdiri, Çin İctimai Elmlər Akademiyasının alimi, Çin Tərcümə və Tədqiqatlar Şəbəkəsinin aparıcı elmi məsləhətçisi, “Bir kəmər, bir yol” Gənc Çinşünaslar Alyansının sədri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevlə gənclərin görüşü olub.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, görüş zamanı Aqşin Əliyev məktəb və tələbəlik illəri, Çindəki fəaliyyəti və təcrübələri, Çində Azərbaycan dilinin ixtisas kimi tədrisi, xaricdə təhsil imkanları, diaspor fəaliyyəti və s. haqqında danışaraq, gənclərə öz arzularının ardınca getməyi, məqsədləri uğrunda daim mübarizə aparmağı tövsiyə edib. Görüşdə gənclərin sualları da cavablandırılıb.
Layihənin keçirilməsində məqsəd uğur qazanmış şəxslərlə gənclərin görüşünü təmin etmək, eyni zamanda, onların öz təcrübələrini gənclərlə bölüşməsinə şərait yaratmaqdan ibarətdir.