REGİONLAR
Neftçalalı pambıqçı: Sahələrin məhsuldarlığı 55-58 sentnerə çatır
Neftçala, 3 oktyabr, Mahir Babayev, AZƏRTAC
Netfçalada pambıq yığımı sürətlə davam edir. Pambığın alış qiymətinin hər ton üçün 50 manat artırılması fermerləri işə daha da həvəsləndirib.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il Neftçalada 7 min hektar sahədə pambıq əkilib. Yığıma mütəşəkkil başlayan “ağ qızıl” ustaları qısa müddətdə sahələrdən 2 min 842 tondan çox məhsul toplayaraq tədarük məntəqəsinə göndəriblər.
Uzun illər pambıqçılıqla məşğul olan rayonun Xolqaraqaşlı kənd sakini fermer Əlibala Səlimov ötən il becərdiyi 12 hektar pambıq sahəsinin hər hektarından 58 sentner məhsul götürüb. Məhsulun satışından yaxşı qazanc əldə edən torpaq mülkiyyətçisi bu il sahəsini daha da genişləndirib.
“Bu mövsüm əkin sahəsini artıraraq 30 hektara çatdırmışam. Bağladığım müqavilə əsasında səpin və becərmə zamanı lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin olunmuşam. Ucvurma və digər aqrotexniki tədbirləri vaxtında həyata keçirdiyimdən sahədə bol məhsul yetişib. Artıq pambıq yığımına başlamışıq və bu günə kimi 161 ton məhsul toplayaraq tədarük məntəqələrinə göndərmişik. Yığım apardığım sahələrin məhsuldarlığı 55-58 sentnerə çatır. Çalışacağam ki, bu il ötən ildəkindən də yüksək məhsuldarlığa nail olum. Dövlətin pambıqçılığın inkişafına göstərdiyi qayğı, eləcə də, alış qiymətinin hər ton üçün 50 manat artırılması biz fermerləri daha çox məhsul istehsal etməyə həvəsləndirib”, - deyə fermer bildirib.
Qeyd edək ki, neftçalalı pambıqçılar ötən il becərdikləri sahələrdən 9 min tondan çox məhsul toplayıblar. Pambıqçılar bu mövsüm sahələrdən 14 min ton məhsul götürməyi qarşıya məqsəd qoyublar.