REGİONLAR
Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
Neftçala, 26 sentyabr, Mahir Babayev, AZƏRTAC
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində SOCAR-ın ''Azəriqaz'' İstehsalat Birliyi tərəfindən Neftçalanın Ərəbqardaşbəyli kəndi ilk dəfə təbii qazla təmin olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda rayonun 52 yaşayış məntəqəsindən 30-u qazlaşdırılıb. Ərəbqardaşbəyli kəndi rayonun “mavi yanacaq”la təmin olunan 31-ci kəndidir. 96 abonenti olan kəndin qazlaşdırılması üçün ümumi uzunluğu 17961 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllə daxili qaz xətləri çəkilib, mənzillərə 96 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edənlər sakinləri təbrik edib və rayonun qəsəbə və kəndlərinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, rayonun Zəngən kəndinə də qaz çəkilişi başa çatıb. Yaxın günlərdə bu kəndin sakinləri də “mavi yanacaq”dan istifadə edəcəklər.
Mərasimdə çıxış edən kənd sakinləri onlara göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.
Sonda kəndə qazın verilməsini bildirən rəmzi məşəl yandırılıb.