REGİONLAR
Neftçalanın taxıl sahələrinə 150 kombayn çıxarılıb, rayonda 110 min tondan çox taxıl istehsalı gözlənilir
Neftçala, 31 may, Mahir Babayev, AZƏRTAC
Neftçalada bir neçə gündür ki, arpa biçininə başlanılıb.
Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Mustafa Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən ilin payızında cari ilin məhsulu üçün rayonda 51 min 275 hektar sahədə taxıl əkilib. Onun da 43 min 62 hektarı arpa, 8 min 213 hektarı isə buğda sahəsi olub. Ötən il taxıl sahələrindən 104 min 996 ton məhsul götürən fermerlər cari ildə bu nəticəni daha da artırmaq üçün sahələrə aqrotexniki qaydada qulluq göstərib, bitkiyə vaxtında mineral və üzvi gübrələr verib, ziyanvericilərə qarşı qabaqlayıcı tədbirlər görüblər. Bunun nəticəsində sahələrdə bol məhsul yetişib, necə deyələr, əkinçilərin zəhməti hədər getməyib.
Artıq bir neçə gündür ki, rayonda taxıl yığımına başlanılıb. Biçinə ilk olaraq rayonun Xəzərkənd, Sarıqamış və Xolqaraqaşlı kəndlərində fəaliyyət göstərən fermerlər başlayıblar. Hazırda taxıl sahələrində 150-yə yaxın taxılbiçən kombayn işləyir. Məhsulun daşınması üçün 200-ə qədər maşın mexanizm və 75 ədəd küləş kipləyən texnika fermerlərin ixtiyarına verilib. İşin düzgün təşkili nəticəsində qısa müddətdə 9 min 566 hektar sahədə biçin aparılıb və 12 min tondan çox məhsul yığılıb. Biçilmiş sahələrdə məhsuldarlıq orta hesabla 17-18 sentnerə bərabərdir.
İdarə rəisi onu da bildirib ki, biçin zamanı bütün işlər paralel aparılır. Yığılmış məhsul xırmanlara daşınaraq orada təmizlənir, sonra anbarlara göndərilir. Həmçinin biçilmiş sahələrin küləşi preslənərək götürülür, sonra isə şum aparılır.
Təcrübəli taxılçı Təvəkkül Məmmədov uzun illərdir taxıl əkib-becərir və hər il də yüksək məhsuldarlığa nail olur. “Ötən il əkdiyim 180 hektar taxıl sahəsinin hər hektarından 23 sentner məhsul götürdüm. Bu il isə 300 hektar sahədə taxıl becərmişəm. Bitkiyə yaxşı qulluq etdiyimdən sahəmdə bol məhsul yetişib. Hər il olduğu kimi, bu il də biçinə birinci başlayanlar arasındayam. Qısa vaxtda 80 hektar sahədə biçin aparmışıq. Hər hektardan orta hesabla 26 sentner məhsul əldə olunub ki, bu da ötənildəkindən 3 sentner çoxdur. İki-üç günə biçini yekunlaşdıracağam”, - deyə Təvəkkül Məmmədov qeyd edib.
Mütəxəssislərin dediyinə görə, bu il rayonda 110 min tondan çox taxıl istehsalı gözlənilir.
Məhsulun yığılması, daşınması və saxlanması dövründə yanğın hadisələrinin baş verməməsi üçün də təsərrüfatlarda lazımi təhlükəsizlik tədbirləri görülüb, maarifləndirmə işləri aparılıb, təsərrüfat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sahələrdən məhsulun optimal müddətdə və itkisiz yığılması üçün rayon icra hakimiyyətində operativ qərargah yaradılıb. Xidmət təşkilatları, əlaqədar müəssisə rəhbərlərinin də daxil olduğu qərargahda qarşıya çıxan bütün suallara aydınlıq gətirilir, qaldırılan məsələlər yerindəcə həll olunur.