İQTİSADİYYAT


“Neftçilər” metro stansiyasının vestibüllərində təmir işləri yekunlaşıb

Bakı, 23 avqust, Elvin Camalov, AZƏRTAC

“Neftçilər” metro stansiyasının vestibüllərində təmir işləri yekunlaşdırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, təmir-bərpa tədbirləri çərçivəsində vestibülün giriş qapısından platforma səviyyəsinə qədər divar örtüyü tamamilə yenilənib, döşəmənin isə ehtiyac duyulan yerlərində təmir-bərpa işləri yerinə yetirilib. 1972-ci ildə istismara verilmiş stansiyanın vestibülləri uzun müddət istismar olunduğundan mərmər-qranit örtüyün dəyişdirilməsi zərurəti yaranıb.

N.Paşayevin sözlərinə görə, təmir zamanı kassa zalında sərnişinlərin rahatlığını təmin etmək məqsədilə yeniliklər də tətbiq olunub. Əvvəlki kassa otaqlarının ön hissəsində “BakıKart” kart yükləmə və satışı aparatlarının rahat və sərnişinlərə maneə törətmədən yerləşdirilməsi üçün xüsusi yer inşa edilib. Həmçinin sərnişin keçid məntəqəsində avtomat-nəzarət buraxılış köşkləri sərnişinlərin daha rahat keçməsini təmin edən səmtə dəyişdirilib.

“Təmir müddətində vestibülün bütün elektrik təchizatı, yanğın təhlükəsizliyi, rabitə və elektromexaniki qurğuları yeniləşdirilərək müasir tələblər səviyyəsinə çatdırılıb. Vestibüllərdə təmir aparıldığı müddət ərzində sərnişinlərin stansiyadan istifadə etməsinə məhdudiyyət qoyulmayıb. Bu məqsədlə bütün təmir-bərpa tədbirləri mərhələli şəkildə aparılaraq, müvafiq iş şəraiti yaradılıb, həmçinin sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə təmir sahələri çəpərlənib”, - deyə N.Paşayev vurğulayıb.

Xatırladaq ki, 2016-cı ildə stansiyanın keçidləri tam təmir edilib. Bu tədbirlər çərçivəsində keçidlərin döşəmə və divar örtüyü yenilənib, keçid divarlarında stansiyanın adını özündə ehtiva edən mozaik pannolar quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.