İQTİSADİYYAT


Neftçilərə yeni mənzillər verilib

Bakı, 20 sentyabr, AZƏRTAC

Neftçilər Günü ərəfəsində neft-qaz sənayesi işçiləri üçün Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki İlqar Mirzəyev küçəsi 3 ünvanında inşa edilən 1 girişli 16 mərtəbəli və mansarddan, eləcə də ikimərtəbəli zirzəmidən ibarət olan yeni yaşayış binası istifadəyə verilib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, 96 mənzilin olduğu binada ümumilikdə, 16 üçotaqlı, 64 ikiotaqlı və 16 birotaqlı mənzil var. Binanın ümumi sahəsi 8263,20 kvadratmetr, birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi isə 734,2 kvadratmetrdir. Bina su, elektrik xətti və təbii qazla təchiz edilib. Tam təmirli mənzillər mətbəx mebeli, qaz plitələri, dəhliz mebeli və çilçıraqla təmin olunub, həyətdə istirahət guşəsi yaradılıb, ətraf ərazi abadlaşdırılıb.

Mənzil alan neftçiləri təbrik edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Dünyada baş verən qlobal pandemiyanın iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, Prezident İlham Əliyev neftçilərin sosial məişət şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Əməkdaşlarımızın növbəlilik əsasında mənzillərlə təmin edilməsi şirkətimiz üçün əsas prioritetlərdəndir. Biz, bundan sonra da bu istiqamətdə işlərimizi davam etdirəcəyik”.

R.Abdullayev binadakı mənzillərin şəraiti ilə tanış olub. Sonra burada mənzil alan neftçilərə order və açarlar təqdim edilib.

2018-ci ilin aprelindən tikintisinə başlanılmış binanın sifarişçisi “Neftçi” MTK, layihəçisi “Kəpəz” YİF, podratçısı isə “Bakıyaşayıştikinti” MMC-dir.

Xatırladaq ki, mənzil uçotunda olan neftçilərin mənzil şəraitinin yaxşılaşdırılması və yeni yaşayış binalarının tikilməsi məqsədi ilə 2010-cu ildən “Neftçi” mənzil-tikinti kooperativi yaradılıb. Yaxın zamanlarda Bibiheybət ərazisində yeni yaşayış kompleksinin tikintisinə başlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.