İQTİSADİYYAT


Neftçilərə yeni mənzillərinin orderləri təqdim edilib

Bakı, 19 sentyabr, AZƏRTAC

Neftçilərin peşə bayramı ərəfəsində neftçilər üçün Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 28 May küçəsində 5c və 18c ünvanında inşa edilən 7 ədəd 9 mərtəbəli yeni yaşayış kompleksi istifadəyə verilib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, mərasimdə şirkətin prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak edib.

Məlumat verilib ki, “Neftçi” mənzil-tikinti kooperativi binaların tikintisinə 2016-cı ilin yanvarından başlanılıb. 28 may küçəsində istifadəyə verilən yeni binalarda 452 mənzil var. Binalarda ümumilikdə 27 dörd otaqlı, 199 üç otaqlı, 199 iki otaqlı və 27 bir otaqlı mənzil var. Binalar su, elektrik xətti və təbii qazla təchiz edilib. Tam təmirli mənzillər mətbəx mebeli, giriş mebeli və qaz plitələri ilə təmin olunub, binaların həyətində istirahət guşəsi yaradılıb, ətrafı abadlaşdırılıb.

Yeni mənzil alan neftçiləri təbrik edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Prezident İlham Əliyev neftçilərin sosial şəraitinin yaxşılaşdırılmasını daim diqqətində saxlayır. Bu istiqamətdə həyata keçirilən tədbirlərimizdən biri də əməkdaşlarımızın növbəlilik əsasında mənzillərlə təmin edilməsidir. Biz bundan sonra da bu işlərimizi davam etdirəcəyik.”

Daha sonra R.Abdullayev binaların açılışını bildirən rəmzi qırmızı lenti kəsərək burada mənzil alan neftçilərə order və açarları təqdim edib.

Xatırladaq ki, mənzil uçotunda olan neftçilərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 2010-cu ildən “Neftçi” mənzil-tikinti kooperativi yaradılıb. Kooperativ yeni yaşayış binalarının tikintisi ilə məşğuldur. Hazırda Qaraçuxur qəsəbəsində coxmənzilli binanın tikintisini həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.