İQTİSADİYYAT
Neftin qiyməti ABŞ və Çin, eləcə də Qətərdən gələr xəbərlər fonunda artır
Bakı, 3 dekabr, AZƏRTAC
“Qara qızıl”ın qiyməti ABŞ və Çin, eləcə də Qətərdən gələr xəbərlər fonunda bahalaşır.
AZƏRTAC xəbər verir ki, ötən həftə son 13 ayın minimumuna enən neftin qiyməti ABŞ ilə Çinin “ticari müharibə”ni dayandırmaları, eləcə də dünyanın ən böyük maye qaz (LNG) ixracatçısı və gündəlik orta hesabla 650 min barrel neft istehsal edən Qətərin 57 ildir üzv olduğu Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxacağını açıqlaması fonunda təxminən 5 faiz bahalaşıb.
Ekspertlərin fikrincə, ABŞ-Çin razılaşması Asiya ölkəsinin iqtisadiyyatı başda olmaqla qlobal iqtisadi artımla bağlı narahatlığı azaldacaq, bu da neft tələbatının möhkəmlənəcəyinə dair gözləntilərin formalaşmasına səbəb olacaq.
15 üzvü olan OPEC qlobal neft hasilatının təqribən yarısını həyata keçirir. Hazırda bazarın diqqəti OPEC-in dekabrın 6-da Vyanada keçirəcəyi toplantıya yönəlib. OPEC-in neft istehsalını azaltmaq barədə qərar qəbul etməsi gözlənilir. Qeyri-OPEC ölkəsi Rusiya da neft hasilatının azaldılmasını dəstəkləyir.
Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 62,07 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 53,34 dollara satılır.