Neftin qiyməti həftəni artımla tamamlamağa yönəlib
AzerTAg.az
Bakı, 27 noyabr, AZƏRTAC
Birjalarda neft qiymətləri həftəni artımla tamamlamağa hazırlaşır.
AZƏRTAC xəbər verir ki, “qara qızıl”ın qiyməti koronavirusa qarşı peyvəndlə bağlı müsbət inkişaflar fonunda həftə ərzində 6 faiz bahalaşıb.
Neft hasilatına dair məhdudiyyətlərin davam edib-etməyəcəyinə dair qərarın veriləcəyi “OPEC+”un iclası ərəfəsində isə qiymətdə sabitlik yaranıb.
Analitiklərin əksəriyyəti “OPEC+”un neft hasilatına dair məhdudiyyətləri gələn ilin mart ayına qədər uzadacağını düşünür. Bəzi ekspertlərə görə isə İraq və Birləşmiş Ərəb Əmirliklərinin etirazları nəzərə alınaraq məhdudiyyətlər daha qısa müddətə uzadılacaq.
OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo neft hasilatının artırılacağı təqdirdə gələn il bazarda tədarük bolluğunun yaranacağını bildirib və kartel üzvlərini diqqətli olmağa çağırıb.
Qeyd edək ki, “OPEC+” mövcud istehsal məhdudiyyətlərinə dair plana dəyişiklik etməsə, koalisiya yanvar ayından etibarən hasilatı gündəlik 2 milyon barrel artırmağı planlaşdırır. Bu dəyişiklik 30 noyabr - 1 dekabr tarixlərində keçiriləcək Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) iclasında əsas müzakirə mövzusu olacaq.
Hazırda “Brent” markalı xam neftin bir barreli Londonun ICE birjasında 47 dollardan, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 45 dollardan baha satılır.

Xəbərin mətnində orfoqrafik səhv var