İQTİSADİYYAT
Neftin qiyməti son 2,5 ayın minimumuna düşüb
Bakı, 2 noyabr, AZƏRTAC
Neftin qiyməti son 2,5 ayın minimumuna enib.
AZƏRTAC xəbər verir ki, “Brent” markalı neftin bir barrelinin qiyməti günə 73,30 dollardan başlayıb. Beləliklə də, “Brent”in qiyməti bu il avqustun 21-dən etibarən ən aşağı səviyyəyə düşüb.
Ekspertlər hesab edir ki, ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsinin noyabrın 4-də tətbiq olunacağına baxmayaraq, tədarükdəki artım qiymətdə aşağı istiqamətli təzyiq yaradır. Üstəlik, ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) ölkənin xam neft ehtiyatları ötən hesabat həftəsində 3,2 milyon barrel artaraq 426 milyon barrelə çatdığını açıqlaması, eləcə də Birləşmiş Ərəb Əmirlikləri və Liviyanın İranın bazardakı boşluğunu doldurmaq səyləri də neftin qiymətinin ucuzlaşmasına təsir edən faktorlardandır.
Analitiklər isə ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasındakı telefon danışığının iki ölkənin “ticari müharibəsinin” intensivliyini azaldacağını gözləyirlər. Onların fikrincə, neft ixrac edən ölkələrin istehsal həcmlərini artması qiymətin formalaşmasında əsas rol oynayır. Neft bazarı və qlobal iqtisadi gözləntilər isə orta müddətdə “qara qızıl”ın qiymətinin sabit qalacağı istiqamətindədir.
Hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 73,05 dollara, “Light” nefti isə Nyu-Yorkun NYMEX birjasında 63,63 dollar/barrelə alıcı axtarır.