İQTİSADİYYAT
“Neftqaztikinti” Trestinin yol tikinti təmir idarəsi tərəfindən təmir-tikinti işləri uğurla icra olunur
Bakı, 19 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Neftqaztikinti” Trestinin yol tikinti təmir idarəsi şirkətin tabeçiliyində olan müəssisələrdə asfalt-beton, tikinti və təmir işlərini uğurla yerinə yetirir.
AZƏRTAC xəbər verir ki, idarə Zığda, “Neft Daşları”nda, Çilov adasında və Səngəçalda yerləşən asfalt-beton qurğuları vasitəsilə yüksək keyfiyyətli asfalt-beton istehsalı ilə məşğul olur. Həmçinin, idarə tərəfindən “Neft Daşları”nda, Çilov adasında, Bakıda və Abşeron yarımadasında magistral yollarının, küçə və meydançaların tikintisi və asfalt-betonla örtüklənməsi işləri həyata keçirilir. İdarənin nəzdində 4 asfalt-beton istehsalı qurğusu fəaliyyət göstərir. İdarənin Zığda yerləşən qurğusunun istehsal qabiliyyəti 50 ton/saat təşkil edir. Bu qurğular vasitəsilə 2013-cü il ərzində idarə tərəfindən 134 min 659 ton asfalt-beton istehsal olunaraq magistral yolların, küçə və meydançaların tikintisinə sərf olunmuşdur.
Hazırda idarə tərəfindən “Abşeronneft” neft və qaz çıxarma idarəsinin yığım-nəql sisteminin yenidən qurulması, Xətai rayonunun 2922 nömrəli məhəlləsində “Neftqaztikinti” Trestinin inzibati binasının tikintisi, “Şimal İxrac Boru Kəmərinin 183,6-184 kilometrlər arası Vəlvələ çay keçidindəki Boru kəmərinin yuyulmasının qarşısını almaq üçün mühafizə tədbirləri, Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin Tikintisi Layihəsi çərçivəsində təməlatma mərasimi üçün tikinti-quraşdırma işləri, Salyan rayonunda Parxa, Xələc və Seyidan kəndlərinə gedən yolların əsaslı təmiri və sair obyektlərdə tikinti-təmir işləri uğurla yerinə yetirilir.