Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Nəğmələri sərhəd tanımayan bəstəkar VİDEO

Nəğmələri sərhəd tanımayan bəstəkar VİDEO

Bakı, 27 may, Gözəl Ağayeva, AZƏRTAC

Mayın 28-də Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Firəngiz Əlizadənin 70 yaşı tamam olacaq. Bu əlamətdar hadisə ilə əlaqədar AZƏRTAC-ın müxbiri görkəmli bəstəkarımızla görüşərək müsahibə alıb. Həmin müsahibəni təqdim edirik.

-Firəngiz xanım necəsiniz, ömrün 70-ci baharında özünüzü necə hiss edirsiniz, zaman öz axarındadır, yoxsa tələsir?

-Sözün doğrusu, bu arada o qədər məşğuluq ki... bir tərəfdən müxtəlif konsertlər, tədbirlər, digər tərəfdən məni təbrik edən həmkarlarımın diqqəti, xoş sözlər. Bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif olundum. Bütün bunlar məni çox həyəcanlandırır. Mənə olan diqqətə, dəstəyə görə, zəhmətimin bu cür yüksək qiymətləndirilməsinə görə özümü çox xoşbəxt hiss edirəm.

- “Rəqs” əsəriniz ABŞ-da, "Gizli hadisələr" baletiniz Almaniyada, neçə-neçə əsərləriniz yaxın-uzaq məmləkətlərdə tanınmış musiqi kollektivləri tərəfindən ifa olunub. Bunun sirri nədədir?

-Heç bir sirr yoxdur. İnsan öz sənətini sevəndə, özünü bu sənətə həsr edəndə, təbii ki, bunun bir nəticəsi olur. Bizim gözəl müəllimlərimiz olub, biz onların yolu ilə gedirik. Bu yol bəstəkarlıq məktəbimizin, professional musiqimizin banisi dahi Üzeyir Hacıbəylinin yoludur. Mən isə Qara Qarayev, Cövdət Hacıyev kimi gözəl bəstəkarlarımızın tələbəsi olmuşam. Bunların hamısı addım-addım bizi bu uğurlara yaxınlaşdırır. Bu, təkcə bizim uğurumuz deyil, Azərbaycan musiqisinin yüksək səviyyəsi, xalqımızın muğam, aşıq sənətinin, mahnılarının sevilməsi, dahi insanların zəhmətinin nəticəsidir.

-Qara Qarayevin tələbələrindən söz düşəndə ilk olaraq Firəngiz Əlizadənin adı çəkilir. Niyə məhz Firəngiz Əlizadənin?

-Qara Qarayevin həyatımda çox böyük rolu olub. Mən birinci və ikinci kursda Cövdət Hacıyevin tələbəsi olsam da, Qara Qarayevin də dərslərinə gedir, onu dinləyirdim. İkinci kursda imtahan verəndə isə Qara Qarayev əsərlərimi çox bəyəndi. O zaman konservatoriyanın rektoru Cövdət müəllim mənə Qara Qarayevin sinfində oxumağımı məsləhət gördü. Bu, çox müdrik məsləhət idi. Mən Cövdət müəllimə həm ondan, həm də Qara Qarayevdən dərs almağımın gözəl bir sintez yaratdığını söylədim. Lakin o dedi ki, bu qərar həm özünün, həm də Qara Qarayevin istəyidir. Beləliklə, mən Qara Qarayevin sinfinə gəldim. Bəstəkar kimi yetişməyimdə bu müəllimlərin, xüsusilə Qara Qarayevin zəhməti çoxdur. Ona görə də mən bu uğurları təkcə özümə deyil, musiqi mədəniyyətimizə və o dahi insanlarımıza şamil edirəm.

-Bir müddət qardaş ölkədə fəaliyyət göstərmisiniz. Türkiyə dövləti tərəfindən "Boş beşik" baletinin yazılması sifariş olunub. Mersin Opera və Balet Teatrının açılışı münasibətilə səhnəyə qoyulan bu əsər böyük uğur qazanıb. Sonda Almaniyada fəaliyyət göstərdiniz. İndi də tez-tez xarici ölkələrdə əsərlərinizin premyeralarında iştirak edirsiniz. Bir sənətkar kimi uzaqdan Vətən - Azərbaycan necə görünür? Ümumiyyətlə, yazıb-yaratmaq üçün Vətəndə olmaq mütləqdirmi?

-Azərbaycan həmişə çox yüksək musiqi mədəniyyəti olan ölkə kimi tanınıb. Bəzən olur ki, bir gənc pianoçu xaricə gedir, qayıdanda isə elə danışır ki, guya onun ifası ilə xaricdəkilər Azərbaycanı tanıdılar. Bu, mənə çox təəccüblü gəlir. Çünki Fikrət Əmirovun simfonik muğamlarına Leopold Stokovski ABŞ-da, Avropa ölkələrində qastrol səfərlərində dirijorluq edib. Yaxud muğam ifaçılarımızın səsi Parisdə ilk vallara yazılıb. "Arşın mal alan" operettası isə keçmiş Sovet İttifaqında və Şərq ölkələrində, bu gün dəbdə olan sözlə desək, hitə çevrilmişdi. Filmin dünyaya səs salan müvəffəqiyyəti Üzeyir Hacıbəylinin dahi musiqisi və librettosu, Rəşid Behbudovun məlahətli səsi və Leyla Bədirbəylinin gözəlliyidir. XX əsrdə uğurlarımız çox olub. Müasir müstəqil Azərbaycan Respublikasının banisi, ulu öndər Heydər Əliyevin bizə irs qoyduğu əmin-amanlıq şəraitində bu gün yazıb-yaradır, beynəlxalq tədbirlər keçiririk. Bu günlərdə başa çatmış IV İslam Həmrəyliyi Oyunlarının böyük rolunu qeyd etmək istəyirəm. Hazırda dünyanın 43 ölkəsində müharibə gedir. Belə bir zamanda Azərbaycanın keçirdiyi İslamiada dostluğa, əməkdaşlığa, tolerantlığa çağırışdır.

Türkiyədə və Almaniyada fəaliyyətimə gəldikdə isə deyə bilərəm ki, bu ölkələr həyatımda böyük əhəmiyyət daşıyır. Qardaş Türkiyə tərəfindən "Boş beşik" baletinin sifarişi şərəfli bir vəzifə idi. Mersin Opera və Balet Teatrının açılışında əsərimə Xalq Artisti Nazim Rzayev dirijorluq edib. Orkestrdə azərbaycanlı musiqiçilər də var idi. Türkiyənin digər şəhərlərində də qastrolda olduq. Mersində baletin premyerasına gəlmiş vali ilə görüşümüzdə mən təhsil ocağı olmasa, bu teatrın fəaliyyətində çətinliklər yaranacağını söylədim. O, bu fikirlə razılaşdı və biz Mersin Universiteti nəzdində Konservatoriya açdıq. Konservatoriya bu gün də fəaliyyətini davam etdirir.

Almaniyada da mənə çox gözəl şərait yaradılmışdı. Mən heç bir yerdə işləməməli, təkcə sifarişlə musiqi əsəri yazıb, ildə bir dəfə yayda ustad dərsləri keçməliydim. Bu məni çox təmin edirdi, çünki vaxtımı bəstəkarlığa ayıra bilirdim. Burada da işlərim çox səmərəli oldu. Əsərlərim dünya ölkələrində daha geniş şəkildə ifa olundu, dünyanın ən məşhur ifaçılarının repertuarlarında musiqimə yer ayrıldı və bu proses indi də davam edir.

-İlk Azərbaycan bəstəkarı olaraq “UNESCO-nun Sülh Artisti” fəxri adını almısınız. Sizcə bəşəri sənətkar olmağın qayəsində nə dayanır. Əsl sənətkar daha çox milli olmalıdır, yoxsa bəşəri?

-Bu, fəlsəfi mövzudur və bu barədə çox danışmaq olar. Qısa olaraq deyim ki, sənətkar milli dəyərlərə söykənməli, Vətənini sevməli, xalqının incəsənətini, mədəniyyətini, dahilərini sevməli, lakin bununla kifayətlənməməli, dünyaya açıq olmalıdır. Ölkəmizin bu gün dünyaya bəyan etdiyi devizlər də bundan ibarətdir. Çox gözəl və yığcam bir termin var - "open mind", dünyaya açıq ol, amma öz mənliyini, dəyərlərini həmişə saxla və təbliğ elə. Lakin buna nail olmaq üçün savad, təhsil, daxili mədəniyyət, ailənin dəstəyi lazımdır. Azərbaycan bu cür insanları yetişdirir, öz yüksək mədəniyyətini dünyada uğurla nümayiş etdirir.

-Uzun illərdir Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edirsiniz, bugünkü bəstəkarların fəaliyyəti Sizi qane edirmi, ümumiyyətlə yeni əsərlərin yazılması, yeni istedadların İttifaqa cəlb olunması, onlara diqqət-qayğı nə yerdədir?

-Bəstəkarlıq çox çətin sənətdir. Nə qədər kömək göstərilsə də, nə qədər dəstəklənsə də, bəstəkar evinə gələndə onun qarşısında boş not vərəqi dayanır. Bəstəkar müstəqil və azad insan olmalıdır. Buna baxmayaraq biz gənc bəstəkarlara dəstək olmağa çalışırıq. Xatırladım ki, 2009-cu il sentyabrın 1-də İttifaqımızın binasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva iştirak ediblər. Bu, dövlətimizin başçısının bizə göstərdiyi diqqət və qayğıya bariz nümunələrdən biridir. Beləliklə, biz fəaliyyətimizə bu binada başladıq. Bizim gözəl konsert salonumuz var. Hər ay, deyərdim ki, hər həftə tədbirlərimiz, o cümlədən konsertlərimiz, bəstəkarlarımızın və musiqişünaslarımızın yubileyləri, yeni kitabların və əsərlərin təqdimatları olur. Axı bəstəkar heç vaxt tək olmamalıdır. Musiqimizin inkişafı bəstəkar və musiqişünasın vəhdətindən yaranır. Bəstəkarın əsərini təbliğ etmək, onun haqqında tədqiqatlar aparmaq lazımdır. Konsert salonumuzda, həmçinin gənc musiqiçilər Azərbaycan bəstəkarlarının əsərlərini ifa edirlər və artıq 7-8 ildir bu cür silsilə tədbirlər keçirilir. Məqsəd odur ki, gənc musiqiçilər təkcə klassik əsərləri deyil, həm də müasir Azərbaycan musiqisini ifa etsin, bu yeni mərhələni dərk etsinlər. Biz gənclərə diplomlar, bacardığımız qədər mükafatlar təqdim edirik. Hər il iki-üç istedadlı gənc musiqiçini Gənclər və İdman Nazirliyinin mükafatına təqdim edirik. Bundan başqa, 2007-ci ildən başlayaraq yaşlı və gənc nəsildən olan bəstəkarlarımız Prezident təqaüdü alırlar.

Silsilə tədbirlərimizdən "Müasirlərlə dialoq"u da qeyd etmək istəyirəm. Biz tanınmış insanları buraya dəvət edir və onlarla mövcud problemlərdən söhbət açırıq. Məsələn, Xalq Yazıçısı Anarla, akademik Yaqub Mahmudovla, professor Gülçöhrə Məmmədova və başqaları ilə maraqlı görüşlərimiz olub. Bəstəkarlar İttifaqı Heydər Əliyev Fondunun dəstəyi ilə "Muğam aləmi", habelə "İpək Yolu" beynəlxalq musiqi festivallarını təşkil edir, kitablar hazırlayır. Eləcə də ölkəmizdə keçirilən digər musiqi festivalları çərçivəsində tədbirlərimiz, müxtəlif simpoziumlarımız olur. Məsələn, "Üzeyir Hacıbəyli və Müslüm Maqomayev", yaxud "Üzeyir Hacıbəyli türk dünyasının dahi bəstəkarı". Belə tədbirlərdə maraqlı faktlar ortaya çıxır. Məsələn, vaxtilə Üzeyir Hacıbəyli Özbəkistandan bu respublikanın himnini yazmaq barədə məktub alıb. Məktubda qeyd olunub ki, Özbəkistanda onun kimi bəstəkar yoxdur. Üzeyir Hacıbəyli isə cavab məktubunda bildirib ki, himni ölkənin öz bəstəkarı yazmalıdır, bununla belə müəyyən kömək etməyə hazırdır.

- Nə vaxtsa Azərbaycan bəstəkarlıq məktəbi yeni bir Firəngiz Əlizadəni görə biləcəkmi, tanıdığınız istedadlı gənclər arasında belə bir gənc bəstəkar yetişirmi?

-Gənclərimiz çox istedadlıdır, onların təhsil almasına gözəl şərait yaradılıb. Lakin ikinci Firəngiz Əlizadə olmaq lazım deyil. Bəstəkar, sənətkar birinci olmalıdır. Bizim bir Üzeyir Hacıbəylimiz, bir Qara Qarayevimiz, bir Fikrət Əmirovumuz var. Təvazökarlıqdan kənar olsa da, ikinci Firəngiz Əlizadə heç kimə lazım deyil. Həmişə birinci olmaq lazımdır. Gənclərimizə çox inanıram və əminəm ki, onlar da birinci olacaqlar.

- Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi yaradıcılığınıza necə təsir edib? Yəni elə mövzu olubmu ki, sovet dövründə nəzərdə tutmusunuz, lakin onu müstəqillik illərində reallaşdırmısınız?

- Bəli, olub. Mən vaxtilə Varşava müasir musiqi festivalında çox məşhur Kşiştof Penderetskini "Strasti po Luke" passion əsərini dinləmişdim. İsaya həsr edilən bu əsər mənə çox təsir etmişdi. Bakıya qayıdanda mən də həyatı çox faciəli olan müsəlmanlarla bağlı belə bir passion yazmaq istəyimi Qara Qarayevə dedim. Lakin bu, sovet dövründə mümkün deyildi. Bu arzum müstəqillik illərində gerçəkləşdi və "Nəsimi passion" əsərim yarandı. Mən həyatım boyu Nəsiminin pərəstişkarı olmuşam. Onun qeyri-adi, sufi düşüncələri mənə çox təsir edib. 2014-cü ildə "Amsterdam Royal Concertgebouw" konsert salonunun simfonik orkestrindən və xorundan bu barədə mənə edilən təklifi sanki daxilən gözləyirdim. Maraqlıdır ki, o zaman hələ Suriyada müharibə başlamamışdı. Sonralar müharibədə Nəsiminin türbəsinin dağılması mənə çox təsir etdi. Bu əsər addım-addım, çox böyük zəhmətlə yarandı. Əsərimin hər yeni hissəsi Suriya ilə bağlı təəssüratlardan yarandı. Nəhayət, Hollandiyaya gəldik. Orada bizə dedilər ki, əsər çox gözəldir, lakin reaksiyanın necə olacağı məlum deyil, çünki insanların burada İslama qarşı böyük protesti var. Hollandiya simfonik orkestrinin, xorunun və bizim gözəl solistimiz, bariton Əvəz Abdullayevin peşəkarlığı sayəsində aprelin 7-də premyera gerçəkləşdi. İngiltərədən çox məşhur dirijor Martin Brabbins Suriyanın artıq ABŞ tərəfindən bombalanmasını, yəni rəsmi olaraq Donald Trampın bunu elan etməsini orkestrin diqqətinə çatdıraraq bu əsərin bir protest olaraq ifa ediləcəyini söylədi. Əsər böyük ilhamla, şövqlə ifa edildi, bütün zal - 2500 nəfər ayaq üstə bu əsəri alqışladı.

-Eşitdiyimiz qədər 20 Yanvar faciəsi ilə bağlı kaseti ABŞ-a Siz aparmısınız. Bu gün Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində Bəstəkarlar İttifaqı tərəfindən hansı işlər görülür?

- 20 Yanvar faciəsi ilə bağlı videonun çəkilməsində və ABŞ-a aparılmasında həyat yoldaşım Cahangir Zeynalovun daha çox zəhməti olub. Lakin biz bunu heç yerdə danışmamışıq. Nizami Kino Mərkəzində Ramiz Fətəliyevin yubileyi keçiriləndə gözləmədiyimiz halda səhnədə bu məsələ xatırlandı və yoldaşımın adı çəkildi. Bəli, 1990-cı ildə Cahangir küçələrdə təhlükələrə baxmayaraq, videoları çəkdi. Kameranı isə biz 1989-cu ildə Amerikada konsertimdən olan pulla almışdıq. Görün hansı hadisəni çəkmək qismət oldu. O zaman məlumat tamam əksinə gedirdi, guya ki, bütün hadisələri biz törətmişik. Biz o lentləri çox böyük çətinliklə, o da bir Allahın lütfü idi ki, apara bildik. Lentdə əvvəlcə mənim musiqim, arxasınca o faciəni əks etdirən kadrlar gəlirdi. Yəni birdən baxmalı olsalar, birinci mənim əsərimin ifa edildiyi konserti görəcəkdilər. Cahangir videonu göstərəndən sonra ona yaxınlaşıb dedilər ki, o, Sovet İttifaqına qayıda bilməyəcək, onun üçün orada təhlükəli olacaq. Qoyun Firəngiz xanım getsin, uşağına qovuşsun, siz isə qalın. Lakin o, razılaşmadı. Biz qayıtdıq və sonra Sovet İttifaqı dağıldı. Bütün bunları Ramiz Fətəliyev səhnədən deyəndə hamı onu alqışladı. Cahangir təvazökar adamdır. Bunları danışmayıb.

Yeri gəlmişkən deyim ki, Bəstəkarlar İttifaqının beş regional bölməsindən biri Qarabağ regional bölməsidir. Bu bölmə, eləcə də Qarabağ musiqi məktəbləri indi Bakıda məskunlaşıb. Biz tez-tez birgə konsertlər keçiririk. Bu konsertlərə təkcə uşaqlar deyil, valideynlər, müəllimlər də gəlir. Biz istedadlı uşaqları seçir, həmçinin bəstəkarlığa, musiqişünaslığa meyilli uşaqları dəstəkləyirik. Onlar müsabiqələrdə iştirak edir, mükafatlandırılır, laureat olurlar. Biz hətta Lüksemburqda Qarabağ cəmiyyəti açdıq. Mən orada xarici diplomatlara dedim ki, 25 ildən çoxdur ki, biz Qarabağda deyilik, yəni bu uşaqlar Qarabağda anadan olmayıblar, amma o boğazlar, muğam ifası üslubu, Qarabağ muğam məktəbinin keyfiyyətləri bu uşaqlarda özünü göstərir. Bu isə Qarabağın kimin olması barədə bir musiqi faktıdır. Onlar sonra mənə yaxınlaşıb muğamlarımızı Parisdə, UNESCO-da, Vaşinqtonda, Çində eşitdiklərini və bu bənzərsiz ifanı unuda bilmədiklərini etiraf etdilər.

-Siz həm də "Muğam aləmi" və "İpək Yolu" Beynəlxalq Musiqi Festivalının bədii rəhbərisiniz. Yeri gəlmişkən, builki "İpək Yolu" Beynəlxalq Musiqi Festivalına hazırlıq işləri nə yerdədir?

-Biz hər il olduğu kimi, bu il də festivalı keçirmək niyyətindəyik. Gözəl artistlər, kollektivlər dəvət etmişik. İnanırıq ki, builki festival da çox dəyərli bir musiqi hadisəsi olacaq. Şəkililər mədəniyyətə həssas insanlardır. Türkiyədən, Macarıstanda, Polşadan musiqiçilərimiz olacaq. Qədim musiqi alətləri ansamblı, tanınmış xanəndələrimiz çıxış edəcəklər. Proqramımız maraqlı olacaq.

-Yaradıcılığa çox vaxt ayırırsınız, yoxsa Bəstəkarlar İttifaqının işlərinə?

-Hər ikisini tarazlı şəkildə həyata keçirməyə çalışıram. Təbii ki, bu, çox çətindir. Amma artıq müəyyən təcrübə də var. Mən gərgin rejimdə işləməyi bacaran insanam. İmzama sadiq qalıram. Çalışıram ki, heç bir kollektiv, orkestr çətinlik çəkməsin. Hələ ki, bu işlərin hamısının öhdəsindən gəlirəm. Allahın köməyilə davam edəcəyəm.

- Yaradıcı insanları fərqləndirən xüsusiyyətlərdən biri də onların hər kəsin dərhal görə bilmədiyi, yaxud fərqinə varmadığı məsələlərə diqqət yetirməsi və bunu sənətinin dili ilə auditoriyaya çatdırmasıdır. Sizin necə, reallıqdan, müəyyən hadisədən, tədbirdən təsirlənərək qısa müddətə bəstələdiyiniz əsəriniz varmı?

-Sənətkar həssas olmasa, yarada bilməz. Hərdən məndən soruşurlar, Firəngiz xanım, nə üçün siz belə xırda şeylərə fikir verirsiniz? Nə üçün bu hadisə sizə belə təsir edir? Deyirəm ki, mən bəstəkaram, mən hər şeyi görürəm, həyəcan keçirirəm. Bunlar olmasa, musiqi yaza bilmərəm. Bəzən elə olub ki, görüşdüyüm bir şəxsiyyət də mənə təsir edib. Məsələn, meqastar, skripkaçı Hilari Hanın səhnəyə bir ildırım kimi gəlişi, mesaj xarakterli özünəməxsus enerjili ifa üslubu adama təsir edir. O, zəng edib, məndən əsər gözlədiyini söyləyəndə məndə çox böyük təəssürat yaranır. Bu cür ünsiyyətlər bir ilham mənbəyi ola bilər. Yaşa dolduqca, insan təbiəti, ilin fəsillərini maraqla seyr edir. Uşağa məhəbbət, insanlara məhəbbət, Vətənə məhəbbət - bunlar hamısı ilham mənbəyidir. Nə qədər ki, bəstəkar yeni təəssüratlara açıqdır, o qədər o, yeni əsərlər yarada bilər. Nə vaxt desə ki, mənə heç nə təsir etmir, maraqlı deyil, onda artıq musiqi yaza bilməyəcək.

-Nailiyyətləriniz çoxdur, onlardan hansını ən böyük uğurunuz hesab edirsiniz?

-Çətindir demək, ən böyük uğur, hər halda dünyanın ən məşhur ifaçılarının mənim musiqimə müraciət etməsidir. Bu, çox böyük şansdır. M.Rostropoviç, "Kronos" kvarteti, Yulius Berger və başqa musiqiçilərin əsərlərimi ifa etməsi bir möcüzə kimi görünür, çünki mənim menecerim, məni təbliğ edən müəssisə yoxdur. Bu yaxınlarda Parisdə bir siyasətçi əsərimi Rio-de-Janeyroda dinlədiyini söylədi. Yaxud M.Rostropoviç Çikaqoda konsertdə Alim Qasımovun mənim "Dərviş" əsərimin ifasından sonra səhnəyə çıxaraq özünün də bakılı olmasını və bununla fəxr etdiyini bildirmişdi. Bütün bunlar çox xoş məqamlardır. Bəstəkar üçün ən böyük xoşbəxtlik odur ki, onun əsərləri öz istədiyi səviyyədə, yəni daxilində o əsər, o obraz necə varsa, o cür də dinləyiciyə və ya tamaşaçıya təqdim edilsin. Bu baxımdan mən çox xoşbəxtəm.

-Yaradıcı insanların əsərləri qədər, həm də maraqlı, özlərinə məxsus sevgi tarixçələri olur. Sizin Cahangir müəllimlə tanışlığınızın da yəqin ki, qəribə tarixçəsi var...

-Bizim tanışlığımızın tarixçəsi çox gülməli olub. Biz birlikdə komsomol mükafatı almışıq və elə təqdimat mərasimində tanış olmuşuq. Cahangir Zeynalov Moskvada Kinematoqrafiya İnstitutunda təhsil alıb. O, musiqili, sənədli filmlər çəkirdi və məni də musiqi yazmağa dəvət etdi. Əməkdaşlığımız ülvi bir məhəbbətə çevrildi. Biz çox gözəl ailə qurduq. Oğlumuz Həsən Almaniyada universitet bitirib, orada televiziya kanalında çalışır.

- Firəngiz xanım, bir daha Sizi əlamətdar yubileyiniz münasibətilə təbrik edir və dəyərli müsahibəyə görə təşəkkürümüzü bildiririk.

Nəğmələri sərhəd tanımayan bəstəkar VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb