İQTİSADİYYAT
Nəhayət, “Transxəzər” qaz kəmərinin vaxtı çatıb? – Şərh
Bakı, 16 iyun, AZƏRTAC
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Şahmar Hacıyevin və Kanadada NATO Assosiasiyası təşkilatının Enerji Təhlükəsizliyi Proqramı üzrə direktoru Robert Katlerin ABŞ-ın “The National Interest” saytında “Nəhayət, “Transxəzər” qaz kəmərinin vaxtı çatıb?” başlıqlı birgə məqaləsi dərc olunub.
BMTM-dən AZƏRTAC-a bildirilib ki, müəlliflər yazıda “Transxəzər” qaz kəmərinin Orta Asiyanın nəhəng təbii qaz ehtiyatlarını Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji bazarlarına nəql etmək məqsədi daşıdığını qeyd edirlər. Bu isə, Orta Asiya və Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirmək deməkdir.
Qeyd olunur ki, son 4 il ərzində Xəzər və Cənubi Qafqaz regionlarında dinamik dəyişikliklər müşahidə olunub. Belə ki, 20 illik danışıqlardan sonra 2018-ci il avqustun 21-də beş Xəzəryanı dövlət - Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran - nəhayət, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar: "Bunun ardınca Azərbaycan və Türkmənistan ikitərəfli münasibətlərdə yeni bir səhifə açdılar və 2021-ci ilin yanvarında Azərbaycanın "Kəpəz", Türkmənistanın "Sərdar" adlandırdığı mübahisəli dəniz yatağının birgə kəşfiyyatı və işlənməsinə dair anlaşma memorandumu imzalandı. Həmçinin, 2020-ci ilin sonunda Xəzər dənizindən birbaşa Avropaya təbii qaz nəql edən Cənub Qaz Dəhlizi yekunlaşdı".
Müəlliflər vurğulayırlar ki, "Dostluq" yatağının birgə işlənməsi üzrə Azərbaycan-Türkmənistan memorandumu “Transxəzər” qaz kəməri reallaşmasına ümidləri artırır və Xəzər dənizində enerji əməkdaşlığı üçün yeni imkanlar yaradır. Bildirilir ki, bu boru kəməri həm Türkmənistanın təbii qaz tədarükünə olan tələbi şaxələndirəcək, həm də Avropa enerji istehlakçılarına Orta Asiyanın geniş enerji ehtiyatlarına çıxış üçün imkan yaradacaq. Qeyd edilir ki, qlobal təbii qaz qiymətlərindəki artım bu məsələnin vacibliyini bir daha ortaya qoyur: "Azərbaycandan İtaliyaya qədər uzanan Cənub Qaz Dəhlizinin tamamlanması da Türkmənistanı və Avropanı “Transxəzər” qaz kəmərini daha da dəstəkləməyə təşviq etməlidir. Təbii qazın Azərbaycanın mövcud enerji infrastrukturu vasitəsilə qərbə çatdırılması iqtisadi baxımdan faydalı olardı, çünki bu hal rəsmi Aşqabadın bir neçə ixrac marşrutundan yüksək asılılığını azalda bilər".
Sonda qeyd olunur ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgənin geosiyasi mənzərəsini dəyişdirib: "Hazırda nəqliyyat yollarının açılması və regional iqtisadi inteqrasiyanın gücləndirilməsi sülh və inkişaf üçün vacibdir. “Transxəzər” qaz kəməri Cənubi Qafqazda sülh, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və inkişafı təşviq etmək üçün son dərəcə əhəmiyyətli potensiala malikdir. Eyni zamanda, layihə Avropa Birliyinin enerji ehtiyaclarını ən qənaətcil şəkildə və Avropanın “Green Deal” prinsiplərinə zidd olmadan təmin edə bilər. “Transxəzər” qaz kəməri Ermənistana da Türkmənistandan qaz almağa imkan yarada bilər".
Daha ətraflı: https://nationalinterest.org/blog/buzz/has-trans-caspian-pipeline’s-time-finally-arrived-187737