REGİONLAR
Nəinki gənclər, yaşlı vətəndaşlar da torpaqlarımızın azad edilməsi uğrunda döyüşə can atırlar
İsmayıllı, 30 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Ermənistan ordusu tərəfindən törədilən təxribat ismayıllıların da hiddətinə səbəb olub. Bu gün hər bir İsmayıllı sakini Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək erməni qəsbkarlarına qarşı döyüşə getməyə hazır olduğunu nümayiş etdirir. Təsadüfü deyil ki, yüzlərlə sakin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə gəlir, könüllü olaraq cəbhəyə göndərilmələrini istəyir. Cəbhəyə getməyə can atanlar arasında, hətta yaşlı insanlar da var.
AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində onlar öz ürək sözlərini söyləyiblər:
Əlaləm Babayev: “1973-cü ildən 2002-ci ilədək hərbi xidmətdə olmuşam. Birinci Qarabağ müharibəsində də iştirak etmişəm. Qürur hissi ilə deyirəm ki, indi Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti, ordu quruculuğuna göstərdiyi diqqət öz gözəl nəticəsini verib. Odur ki, silahlı qüvvələrimiz bu gün erməni qəsbkarlarını, necə deyərlər, yerində oturdur. Eşidəndə ki, mənfur quldurlar yenə də yaşayış məntəqələrimizi, dinc insanları artilleriya atəşinə tutur, o vaxt onların törətdikləri vəhşiliklər gözlərim önünə gəlir. Odur ki, 70-yə yaxın yaşım olmasına baxmayaraq, mən də döyüşə getməyə hazıram.
Vidadi Zərbiyev: “1974-cü ildə anadan olmuşam. Ehtiyatda olan zabitəm. O vaxt Tərtər və Ağdərə döyüşlərində bir komandir kimi işğalçılara qarşı döyüşmüşəm. Nəhayət ki, ata-baba torpaqlarımızın mənfur düşməndən azad ediləcəyi gün çatıb. Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatı məndə qürur hissi yaradır. Mən də döyüşmək istəyirəm. Odur ki, könüllü olaraq cəbhəyə getmək üçün müraciət etmişəm. Çağırılacağım vaxtı səbirsizliklə gözləyirəm.
Azad Məmmədli: “Erməni işğalçıları Azərbaycan Silahlı Qüvvələri tərəfindən öz layiqli cavabını alır, əks-hücum əməliyyatı nəticəsində 7 kəndimiz, Murov dağ silsiləsindəki Murov zirvəsi, Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib. Lakin mənfur düşmən öz çirkin, məkrli məqsədlərindən əl çəkmir. Yaşayış məntəqələrimizi, dinc əhalini hədəfə alır, dağıntılar və insan itkilərinə səbəb olurlar. İndi Vətən bizi, biz gəncləri çağırır. Düşmənə qarşı döyüşlərdə ön cəbhədə olmaq istəyirəm. Odur ki, könüllü olaraq cəbhəyə getmək üçün müraciətimə cavab gözləyirəm.