REGİONLAR
Nelaida Xanukayeva: Yerli sakinlərlə dostluq və qardaşlıq şəraitində yaşayırıq VİDEO
Cəlilabad, 8 dekabr, İlkin Adıyev, AZƏRTAC
Cəlilabadın Privolnoye kəndində yaşayan Nelaida Xanukayeva azsaylı yəhudi ailəsindən biridir. Səksən iki yaşlı nənə hazırda qızı ilə birlikdə yaşayır. Digər övladları və nəvələri isə İsrail və Rusiyaya köçüblər. Lakin tez-tez onlarla telefonla əlaqə saxlayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir vaxtlar rus və yəhudilərin kompakt yaşadıqları Cəlilabadın Privolnoye kəndini özünə doğma vətən hesab etdiyini söyləyən Nelaida nənə təsərrüfatla məşğuldur. Zəruri kənd təsərrüfatı məhsullarını həyətdə özü becərir. Əməyə, zəhmətə hələ gənc yaşlarından qatlaşdığını bildirən Nelaida Xanukayeva deyib: “Biz Cəlilabada 1840-1845-ci illərdə gəlmişik. Anam burada sovxozda, atam isə Lənkəranda milis işləyirdi. Mən də atamla qalırdım. Sonra böyüdüm, bura gəlin köçdüm. Sovxozda mühasib işləyirdim. Bizim kimi burada 5 min nəfər adam var idi. Sonra onların çoxu çıxıb getdi. İndi 20 nəfər qalmışıq. Yerli sakinlərlə daim dostluq və qardaşlıq şəraitində yaşayırıq”.
Nelaida Xanukayevanın ailəsi rusdilli olmaqla yanaşı, xristian dininə mənsub olub, sonradan isə yəhudi dinini qəbul ediblər. XIX əsrdə çar hökuməti tərəfindən Rusiyanın bir çox bölgələrindən olan etnik rus və yəhudilərin bura köçürülməsi nəticəsində əsası qoyulan Privolnoye kəndinin bu etnik azlıqları öz inanc və adətlərini bu gün də qoruyub saxlayıblar.
“Biz şənbə günü təsərrüfat işi ilə məşğul olmuruq. Bu, dinimizdə buyurulub. Bayramlara gəlincə, bizim yeni il sentyabrdadır – Roşa-Ha-Şana olur, ondan sonra orucluq bayramı gəlir. Apreldə Peysax, may ayında isə Tora bayramını qeyd edirik. Belə bayramlarımız çoxdur”, - Nelaida nənə deyir.
Fərqli dil və inanca sahib olsalar da, digər etnik azlıqlar kimi onlar da Azərbaycan dilində danışırlar. Milli bayramlarda isə yerli kənd sakinləri onlara bayram sovqatları da gətirdiyini bildirir.
Kənd sakinləri deyir ki, istər yəhudilər, istərsə də digər azsaylı etnik qruplarla daim dostluq, qardaşlıq və çox gözəl münasibətdə yaşayıblar. Bütün xeyir-şərlərdə eyni olublar. Biz onların, onlar da bizim bütün dini bayramlarımızda yaxından iştirak ediblər.
Nelaida nənə Cəlilabadda onlara göstərilən münasibətdən razılıqla danışır: “Şəraitimiz çox yaxşıdır. Kənd təsərrüfatı ilə məşğul oluruq. Əkirik, becəririk. Dolanışığımız çox yaxşıdır. Kəndə qaz çəkilib, təqaüd alıram. Sağ olsun, Azərbaycan dövləti bizim qayğımıza qalır”.
Hazırda Azərbaycan vətəndaşları olan Privolnoye kəndində yaşayan yəhudi və rusların öz icmaları da mövcuddur. Qeyd edək ki, Privolnoye toponimi ölkəmizin Cənub-Şərqində yeganə rus mənşəli ad kimi qorunub saxlanıb.