İDMAN


Nelli Kim: Mən Mehriban Əliyevaya və AGF-yə heyranam

Bakı, 1 dekabr, AZƏRTAC

Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Konqresi keçirilir.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının (AGF) saytına istinadla xəbər verir ki, FIG-in qadın idman gimnastikası üzrə texniki komitəsinin prezidenti Nelli Kim tədbir ərəfəsində Konqresin gündəliyi və Azərbaycanda gimnastikanın inkişafı barədə fikirlərini bölüşüb.

-Nelli Vladimirovna, FIG-in bugünkü Konqresinin gündəliyinə hansı məsələlər daxil edilib?

-Bu Konqresin başlıca vəzifələrindən biri riayət etdiyimiz əsas sənədin - Beynəlxalq Gimnastika Federasiyasının nizamnaməsinin dəyişdirilməsidir. Orada ciddi və mühüm təkliflər olduqca çoxdur. Məsələn, bu Konqresdə nizamnaməyə edilən dəyişikliklər əsasında 2020-ci ildə növbəti seçkilər keçiriləcək. Yəni bu, tarixi Konqresdir. Kifayət qədər mürəkkəb diskussiyalar aparılacaq, çünki gündəliyə çıxarılan təkliflərə müxtəlif baxışları olan insanların sayı çoxdur.

-Gimnastikaya hər hansı yeni növün əlavə edilməsi bu təkliflər sırasına daxildirmi?

-Biz parkur barədə danışacağıq. Parkuru FIG növləri sırasına daxil edib-etməmək Bakı Konqresində əsas müzakirə mövzularından biridir.

-FIG-ə yeni ölkələrin qəbul edilməsi planlaşdırılırmı?

-Hazırda Okeaniyanın və Kontinental Gimnastika İttifaqının FIG-ə qəbul edilməsi müzakirə olunur. Mən bununla razıyam ki, bizim ayrı-ayrı ittifaqlarımız olmalıdır və onların sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Çünki Beynəlxalq Olimpiya Komitəsi istəyir ki, gimnastika bütün dünyada inkişaf etsin. Lakin bunu qabaqcadan müəyyən olunmuş qaydalar əsasında etmək lazımdır.

-FIG-in Fərid Qayıbovun rəhbərliyi ilə müasir Avropa Gimnastika İttifaqı ilə əməkdaşlığı barədə nə deyə bilərsiniz?

-Fərid çox yaxşı, çox əsaslı işləyir. Onun qaldırdığı məsələlər mənim xoşuma gəlir. Bu da Beynəlxalq Federasiyamızın işini daha səmərəli edir. Çünki sadəcə oturub razılaşmaq yetərli deyildir. Problemləri müzakirəyə çıxarmaq və onları həll etmək lazımdır. İndi biz bu istiqamətdə işləyirik. Xoşagələn haldır ki, Konqresin gündəliyində olan problemləri İcraiyyə Komitəsinin daxilində müzakirə etməyə başlayırıq.

-Siz Azərbaycan Gimnastika Federasiyasının və onun rəhbəri Mehriban Əliyevanın işini necə qiymətləndirirsiniz?

-Mən Mehriban Əliyeva qarşısında baş əyirəm. Məni heyran qoyan budur ki, Azərbaycanın Birinci vitse-prezidenti gimnastikaya, özü də təkcə Azərbaycan gimnastikasına deyil, dünya gimnastikasına diqqət yetirməyə vaxt tapır. O, unikal qadındır.

Bütövlükdə Bakıda olmağı sevirəm. AGF əməkdaşlarının çoxunu şəxsən tanıyıram, çünki bura yetərincə tez-tez gəlirəm. Hazırda AGF bütün tədbirlər üzrə dünyada ən fəal federasiyadır. Mən AGF-yə valehəm və onun kollektivinə komplimentlər deyirəm. Axı Federasiyada işləyən insanların sayı bir o qədər də çox deyil, lakin bu kiçik işçi qrupu çox böyük həcmdə iş görür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.