MƏDƏNİYYƏT


“Nənəmin sandığından yaranmış Fashion Show” təhsil proqramı başa çatıb

Bakı, 11 iyun, AZƏRTAC

Azərbaycan Milli Xalça Muzeyi bütün yaş qruplarına aid uşaqlar üçün daim yeni layihələr, proqramlar həyata keçirir, maraqlı tədbirlər, festivallar təşkil edir. Bunun üçün muzeyin Uşaq şöbəsi təhsil müəssisələri, müxtəlif uşaq təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri qurur. Nəticədə uşaqlar muzeyin ekspozisiyası ilə tanış olur, dekorativ-tətbiqi sənət üzrə bir günlük və ya aylıq ustad dərslərə qatılır, xalça toxumağı, tikmə sənətini, rəsm çəkməyi, dekorativ oyuncaqlar düzəltməyi öyrənir, kukla tamaşaları izləyir, nağıllar dinləyirlər. Bütün bunlar uşaqlarda estetik zövq aşılayır, xalqımızın milli dəyərləri, çoxəsrlik ənənələri, həyat tərzi ilə bağlı təsəvvür yaradır, onların muzeylərə marağını artırır, mənəvi inkişafına müsbət təsir edir.

AZƏRTAC xəbər verir ki, milli geyimlərimizin tikilməsi və təbliği məqsədilə həyata keçirilən, “Nənəmin sandığından yaranmış Fashion Show” təhsil proqramı da Azərbaycan Milli Xalça Muzeyinin belə maraqlı, önəmli layihələrindən biridir.

Qeyd edək ki, martın 1-dən iyunun 1-dək davam edən proqrama 10-18 yaş arası uşaqlar qatıldı. 3 ay müddətində muzeyin Uşaq şöbəsinin mütəxəssisləri tərəfindən uşaqlara milli geyimlərimiz, onların tarixi, tikmə sənəti və onun növləri, eskizlərin işlənməsi, parçalardan istifadə qaydaları, məmulatın tikilmə üslubu haqqında nəzəri və praktik dərslər keçildi.

İyunun 11-də Azərbaycan Milli Xalça Muzeyində bu təhsil proqramını uğurla başa çatdıran 9 uşağa sertifikatlar təqdim olunub, onların əl işlərindən – 14 geyim nümunəsindən ibarət moda nümayişi keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.