DÜNYA
Nepal COVID-19 infeksiyasına gündəlik yoluxma antirekordunu yeniləyib
Pekin, 4 may, AZƏRTAC
Nepalda ötən sutka COVID-19 infeksiyasına 7 min 338 yoluxma aşkarlanıb. Bu, pandemiya dövründə Nepalda sutkalıq ən çox yoluxma faktıdır.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Nepalın Səhiyyə və Əhali Nazirliyi ötən sutka 37 nəfərin COVID-19 səbəbindən öldüyünü açıqlayıb.
Bir aydan çoxdur ki, Nepalda gündəlik yoluxma sayı sürətlə artır. Mütəxəssislər hazırda Nepalda pandemiyanın 2-ci dalğasının müşahidə olunduğunu bildirirlər.
Virusun yayılmasını nəzarət altına almaq üçün paytaxt Katmandu və ətrafında 2 həftəlik qapanma rejimi tətbiq olunur. Bundan başqa, bütün daxili uçuşlar, habelə COVID-19 böhranı müşahidə olunan qonşu Hindistanla birbaşa beynəlxalq uçuşlar dayandırılıb. Tibb işçisi çatışmazlığını həll etmək üçün tibb təhsil müəssisələrinin rəhbərliyinə tələbələrin təcili pandemiya ilə mübarizəyə cəlb olunması barədə göstəriş verilib.
Qeyd edək ki, Nepalda indiyədək koronavirusa 343 mindən çox yoluxma, 3362 ölüm qeydə alınıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin