DÜNYA
Nepalda ötən sutka COVID-19 səbəbindən ölüm sayında antirekord qeydə alınıb
Pekin, 30 aprel, AZƏRTAC
Nepalda ötən sutka COVID-19 virusuna 4928 yoluxma, virus səbəbindən 35 ölüm qeydə alınıb. Bu, pandemiya dövründə ölkədə COVID-19 səbəbindən gündəlik ən yüksək ölüm göstəricisidir.
AZƏRTAC xəbər verir ki, pandemiyanın 2-ci dalğasının müşahidə olunduğu Nepalda apreldə virusa sutkalıq yoluxma halları sürətlə çoxalıb, son həftədə isə 2 dəfə artıb.
Nepalın Səhiyyə və Əhali Nazirliyi yeni dalğanın daha təhlükəli və ölümcül olduğunu, əvvəlki dalğa ilə müqayisədə xəstəliyi ağır keçirənlərin say nisbətinin çoxaldığını bildirib. Virusun yayılmasını nəzarət altına almaq üçün paytaxt Katmandu və ətrafında 2 həftəlik qapanma elan edilib.
Qeyd edək ki, Nepalda indiyədək koronavirusa 317 min 500 yoluxma, 3246 ölüm qeydə alınıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin