İQTİSADİYYAT
Nəqliyyat Nazirliyində ötən ilin yekunlarına dair kollegiya iclası keçirilmişdir
Bakı, 25 yanvar (AZƏRTAC). Nəqliyyat Nazirliyində Azərbaycan Respublikasının yol-nəqliyyat kompleksinə daxil olan sahələr üzrə ötən ilin yekunlarına və cari ildə nəzərdə tutulan tədbirlərə həsr olunmuş kollegiya iclası keçirilmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, iclasda “Azərbaycan Dəmir Yolları” QSC-nin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin və “Azəryolservis” ASC-nin hesabatları dinlənilmiş, görülmüş işlər və onların nəticələri müzakirə olunmuşdur.
Nəqliyyat naziri Ziya Məmmədov vurğulamışdır ki, son illərdə Azərbaycan iqtisadiyyatında müşahidə edilən hərtərəfli və sürətli inkişaf yol-nəqliyyat kompleksinin fəaliyyətində də öz əksini tapır. Nazir 2012-ci ildə nəqliyyat sektorunda aparılmış islahatlar, görülmüş işlər barədə danışaraq, Prezident İlham Əliyevin uğurlu siyasətinin ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrinin, eləсə də yol-nəqliyyat kompleksinin inkişafına töhfə verdiyini bildirmişdir.
Nəqliyyat sektorunda regional əhəmiyyətli infrastruktur layihələrinin uğurla həyata keçirildiyinin vurğulandığı iclasda 2012-ci ilin yekunları və 2013-cü ilin planları ilə bağlı geniş və ətraflı məlumat verilmişdir.
Ümumilikdə yol-nəqliyyat kompleksi üzrə 2012-ci ilin yekunlarını qənaətbəxş hesab edən nəqliyyat naziri Z.Məmmədov qurumların fəaliyyətində müəyyən qüsurların olduğunu, avtomobil və dəmir yolları sahəsində, sərnişindaşımada bəzi problemlərin hələ də həll edilmədiyini xatırlatmış və bununla bağlı sistemli tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar vermişdir.
Kollegiya iclasında müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul olunmuşdur.