İQTİSADİYYAT
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi autizmli uşaqlara növbəti dəstəyini göstərib
Bakı, 1 aprel, AZƏRTAC
BMT-nin Baş Assambleyasının müvafiq qərarına əsasən, 2008-ci ildən etibarən hər il aprelin 2-si Ümumdünya Autizm Maarifləndirmə Günü kimi qeyd edilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu münasibətlə autizm spektr pozuntuları diaqnozlu uşaqlara növbəti dəstəyini göstərib.
Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, qurum autizmli uşaqların reabilitasiya keçdiyi “Birgə və Sağlam” İctimai Birliyinin reabilitasiya mərkəzinə kompüterlər hədiyyə edib. Məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onlara kompüter və IT bacarıqları aşılamaq, informasiya texnologiyaları sahəsində peşələrə yiyələnmələrinə şərait yaratmaqdır. Nazirliyin təqdim etdiyi kompüterlər 70-dək uşağın reabilitasiya keçdiyi mərkəzdə quraşdırılıb.
“Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova uşaqlarda autizm spektr pozuntuları və ölkəmizdə bu istiqamətdə görülən işlər haqqında məlumat verib.
Qeyd olunub ki, bu gün hər 59 uşaqdan biri autizm spektr pozuntuları diaqnozu ilə dünyaya gəlir. Araşdırmalar göstərir ki, xəstəliyin yayılma sürəti hər il təxminən 10 faiz artır. Ölkəmizdə də bu göstərici ildən-ilə çoxalır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi autizmli uşaqların peşə vərdişlərinə yiyələnməsi və cəmiyyətimizin bərabərhüquqlu üzvləri kimi yetişməsinə daim dəstək olur.