İQTİSADİYYAT


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təqaüd proqramı elan edib

Bakı, 8 sentyabr, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) təqaüd proqramı elan edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi İnformasiya Texnologiyalarının müxtəlif istiqamətləri üzrə ölkəmizdə kadrların yetişdirilməsini sürətləndirmək, həmin sahələrdəki mövcud çatışmazlıqları aradan qaldırmaq və bu istiqamətlərin ölkədə inkişafına töhfə verməkdir.

Təqaüd proqramından informasiya texnologiyalarının müvafiq istiqamətləri (bulud həlləri, bulud inzibatçılığı, böyük verilənlər, kibertəhlükəsizlik, avtomatika, elektronika, müxtəlif proqramlaşdırma dilləri, “UI/UX” dizayn və sair) üzrə bilik və bacarıqlarını artırmaq və peşə sahibi olmaq istəyən, eyni zamanda, bu bilik və bacarıqları tətbiq etmək üçün şəxsi keyfiyyətlərini inkişaf etdirməyi qarşısına məqsəd qoyan (sahibkarlıq, kommunikasiya, danışıqlar və sair) 6-11-ci sinif şagirdləri, tələbələr və ali təhsilini başa vurmuş şəxslər, yeni ixtisasa yiyələnmək və ya biliklərini dərinləşdirmək istəyən hər kəs yararlana biləcək. Oktyabr ayından kurslara başlayacaq iştirakçıların təhsil haqları nazirlik tərəfindən ödəniləcək. Proqram dövlət-özəl tərəfdaşlığı əsasında NRYTN-nin “Whelp” startapı ilə birgə təsis etdiyi “Code and More” təhsil layihəsi çərçivəsində keçiriləcək.

Bununla yanaşı, layihədə “Tech Academy”, İsrail – Azərbaycan Təlim Mərkəzi və “İKT LAB” Tətbiq və Tədris Mərkəzi təhsil tərəfdaşları və Gənclər Fondu kommunikasiya tərəfdaşı kimi iştirak edir.

Təqaüd proqramında iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir. Məlumat üçün bildirək ki, proqramda yerlər məhdud saydadır. Bu səbəbdən namizədlərə qeydiyyatdan keçmək üçün tələsmək tövsiyə olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.