İQTİSADİYYAT


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Anım Günü qeyd olunub

Bakı, 27 sentyabr, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 27 sentyabr – Azərbaycan Respublikasında Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə qurumun inzibati binasında şəhidlərin xatirəsinə həsr edilmiş guşənin qarşısına əklil qoyulub və ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarını fəda etmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Sonra nazirlikdə Anım Günü – Milli Qürur Günümüzlə bağlı tədbir keçirilib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev çıxışında Prezident İlham Əliyevin 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunmasına dair Sərəncamının şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisi olduğunu söyləyib.

Bildirilib ki, bir il öncə qəhrəman Ordumuz düşmənin növbəti təxribatını dəf etmək məqsədilə Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücuma keçdi. Bu hücum düşmənin diz çökməsi və 30 ildir ki, işğal altında saxlanılan torpaqlarımızın azad olunması ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı, Azərbaycan Ordusu Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Heç bir qələbənin asanlıqla əldə olunmadığı, torpaqlarımızın düşmən işğalından Vətən övladlarının qanları, canları bahasına azad edildiyi diqqətə çatdırılıb. Vətən müharibəsində nazirliyin və qurumlarının 210 əməkdaşının iştirak etdiyi, onlardan 6-nın şəhidlik zirvəsinə ucaldığı da qeyd olunub.

Tədbirdə, eyni zamanda, Prezident İlham Əliyevin şəhid ailələri ilə yanaşı, qazilərimizə göstərdiyi qayğı, onların reabilitasiyasına ayırdığı diqqət, eləcə də sosial məsələlərinin həlli istiqamətində apardığı işlər diqqətə çatdırılıb.

Sonda Vətən müharibəsinə həsr edilmiş qısa film nümayiş etdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.