İQTİSADİYYAT
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “Lightest”- “qlobal etibarlılıq” layihəsinin təqdimatı olub
Bakı, 26 yanvar, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) Avropanın tətbiq və proqramlar üzrə ixtisaslaşan ən böyük tədqiqat təşkilatı “Fraunhofer”in reallaşdırdığı “Lightest”-“qlobal etibarlılıq” layihəsinin təqdimatı keçirilib. NRYTN-in təşəbbüsü ilə təşkil olunan təqdimatda nazirliyin tabeli qurumlarının nümayəndələri iştirak ediblər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkəmizdə “elektron hökumət” quruculuğu sahəsində aparılan işlər, o cümlədən dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi sahəsində elektron xidmətlərin və elektron imza infrastrukturunun rolu barədə və bu sahəyə dövlətin diqqətindən bəhs edilib. Eyni zamanda, dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, “Elektron hökumət”, “Elektron imza” kimi layihələrdə Azərbaycanın qazandığı uğurlardan danışılıb, bu sahədə qazanılan təcrübənin digər ölkələr üçün örnək ola biləcəyi diqqətə çatdırılıb. Digər ölkələrin bu sahədəki təcrübəsindən yararlanmaq üçün qabaqcıl ölkələrlə əməkdaşlığın önəmi vurğulanıb. Bu baxımdan “Lightest”- “qlobal etibarlılıq” layihəsinin də əhəmiyyətli ola biləcəyi qeyd edilib.
Sonra Almaniyanın Fraunhofer Sənaye Mühəndisliyi üzrə Tədqiqat İnstitutunun doktoru, “Lightest” layihəsinin əlaqələndiricisi Heiko Rossnagel və həmin layihənin beynəlxalq forum rəhbəri Raşel Sellunq tərəfindən layihənin təqdimatı keçirilib.
Qlobal layihəyə artan marağı vurğulayan layihənin əlaqələndiricisi bildirib ki, hazırda “Lightest”in icrasında 9 ölkədən - Avstriya, Belçika, Danimarka, Finlandiya, Almaniya, İspaniya, Niderland, Böyük Britaniya, Türkiyədən 14 tərəfdaş iştirak edir. Qeyd edilib ki, qlobal elektron münasibətlərin qurulmasında vacib məsələlərdən biri qarşı tərəfin dəqiq müəyyən olunmasıdır. “Lightest” də bu prosesdə kimliyi müəyyənləşdirən vasitə - elektron imzanın etibarlılığını, başqa sözlə, elektron imza təminatçısı Sertifikat Xidmətləri Mərkəzinin etibarlılığını təsdiqləyəcək etimad zəncirini yaradan infrastrukturdur.
“Lightest” layihəsi elektron tranzaksiyalar zamanı saxta kimlikləri müəyyən etməyə kömək edən həlli təmin edir. Bu həll müxtəlif tətbiqlərin istifadə olunduğu platformalarda elektron imzanın təsdiqindən tutmuş, Elektron Satınalma, Elektron Ədliyyə, Elektron Səhiyyə və hüquqi sahələrdə “əşyalar interneti” üzrə alətlərin, sensorların təsdiqinin etibarlılığına zəmanət verir.
Təqdimat layihə ətrafında aparılan fikir mübadiləsi və müzakirələrlə yekunlaşıb.