İQTİSADİYYAT


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib

Bakı, 4 mart, AZƏRTAC

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev nazirliyin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşüb. Paytaxtda olmayan əməkdaşlar görüşə videoformatda qoşulublar.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə döyüşlərdə şəhid olan hərbçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Nazir torpaqlarımızın işğaldan azad edilməsində iştirak etmiş əməkdaşları evlərinə, işlərinə sağ-salamat qayıtmaları münasibətilə təbrik edib. R.Nəbiyev bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa etdi: “Torpaqlarımız işğaldan azad olundu. Məhz Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində regionda yeni hərbi-siyasi reallıq formalaşdı. Biz böyük tarixi qələbə qazandıq”.

Heç bir qələbənin asanlıqla əldə olunmadığını deyən nazir torpaqlarımızın düşmən əsarətindən qəhrəman hərbçilərimizin qanları, canları bahasına azad edildiyini diqqətə çatdırıb.

R.Nəbiyev Vətən uğrunda gedən döyüşlərdə nazirliyin 210 əməkdaşının iştirak etdiyini, onlardan 6-sının şəhidlik zirvəsinə ucaldığını söyləyib. Həmçinin müharibədə ailə üzvlərini itirən əməkdaşların olduğunu vurğulayıb.

Döyüşlərdə yaralanan əməkdaşlara şəfa diləyən nazir onların sağlam həyata qayıtmaları üçün lazımi diqqət və qayğı ilə əhatə olunacaqlarını deyib: “Siz respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğalçılardan azad olunması naminə xidməti borcunuzu vicdanla yerinə yetirmisiniz. Sizə olan etimadı doğrultmusunuz. Dövlətimiz və xalqımız daim sizin yanınızdadır. Adlarınız Azərbaycan tarixinə qəhrəman kimi düşdü. Siz gənclərimiz üçün ən gözəl örnəksiniz”.

Döyüşlərdə fərqlənən əməkdaşların müxtəlif dövlət təltiflərinə layiq görüldüyünü və kollektivin onlarla qürur duyduğunu bildirən Rəşad Nəbiyev çıxışını bu sözlərlə bitirib: “Qarabağ Azərbaycandır! Yaşasın Ali Baş Komandanımız! Yaşasın Azərbaycan əsgəri!”.

Görüş zamanı müharibə iştirakçıları öz döyüş xatirələrini bölüşüblər. Sonra Vətənin azadlığı və suverenliyi uğrunda istənilən an vuruşmağa hazır olduqlarını bildiriblər.

Sonda nazir Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində iştirak etmiş əməkdaşlara Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəkkürnamələrini təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.