İQTİSADİYYAT


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri Brüsseldə “ISSE-2018” konfransında iştirak edir

Bakı, 6 noyabr, AZƏRTAC

Belçikanın paytaxtı Brüsseldə “ISSE-2018” konfransı öz işinə başlayıb. Noyabrın 6-7-də keçirilən konfransda ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Elnar Əsədov və Milli Sertifikatlar Xidməti Mərkəzinin rəhbəri Arif Mailov təmsil edirlər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, açılış nitqi ilə e-İdentifikasiya və Təhlükəsizlik üzrə Avropa Assosiasiyasının başçısı Con Şamah qonaqları salamlayıb. Daha sonra “Microsoft” şirkətinin Bulud İdentifikasiyası və Məxfi Xidmətlər üzrə direktoru Ronni Bicons, “IBM” şirkətinin Müəssisə Təhlükəsizliyi arxitektoru Kristian Peters, “Microsoft” şirkətinin İdentifikasiya üzrə baş arxitektoru Kim Kemeron və digərləri müxtəlif mövzularda çıxışlar edib.

Tədbirdə panellər üzrə müxtəlif mövzular müzakirə olunur: “Bank sektorunda rəqəmsal transformasiya”, “FutureTrust” layihəsi çərçivəsində gələcək pilot layihələr, “Rəqəmsal transformasiyanın təhlükəsizliyə təsiri”, “Məlumatların mühafizəsi və məxfilik”, “Qanunvericilik sahəsində çətinliklər və həllər”, “eID və rəqəmsal sertifikatlar”, “Süni intellekt səmərəli transformasiyaya necə təsir göstərir?”, “2019-cu il və gələcək üçün kibertəhlükəsizlik çağırışları” və sair. Panellər üzrə müzakirələrdən sonra “dəyirmi masa”lar keçirilir.

Avropa Etibar Fondu, “FutureTrust”, “Lightest”, “FutureID” kimi qlobalmiqyaslı layihələrin rəhbərləri və iştirakçıları öz təcrübə və biliklərini konfransda iştirak edən qonaqlarla bölüşür.

Qeyd edək ki, Məlumat Hesablama Mərkəzi “FutureTrust” layihəsinin assosiativ tərəfdaşıdır. Həmçinin “Lightest” layihəsinin mütəxəssisləri ilə etibarlı tranzaksiyaların icrası ilə bağlı geniş əməkdaşlıq aparır.

Bu ilin may ayından etibarən Məlumat Hesablama Mərkəzi “Lightest" layihəsinin Məsləhət şurasında təmsil olunur. “Lightest” layihəsi elektron tranzaksiyalar zamanı saxta kimlikləri müəyyən etməyə kömək edən həlli təmin edir. Bu həll müxtəlif tətbiqlərin istifadə olunduğu platformalarda elektron imzanın təsdiqindən tutmuş, Elektron Satınalma, Elektron Ədliyyə, Elektron Səhiyyə və hüquqi sahələrdə “Əşyalar İnterneti” üzrə alətlərin, sensorların təsdiqinin etibarlığına zəmanət verir.

MHM-in konfransda iştirakdan əsas gözləntiləri elektron imzanın transsərhəd tanınmasını reallaşdıracaq infrastrukturun qurulmasını tezləşdirməkdir. Həmçinin elektron imzanın tətbiqi ilə daha səmərəli və etibarlı sosial xidmətlərin yaradılması üçün fikir mübadiləsi aparmaq, bu sahədə mövcud qlobal vəziyyətin araşdırılmasıdır.

Azərbaycan nümayəndə heyətinin bu konfransda iştirakı ölkəmizdə rəqəmsal inkişafa dəstək göstərəcək, Avropa ölkələri ilə bu istiqamətdə əməkdaşlığın möhkəmlənməsinə, təcrübə mübadiləsinə şərait yaradacaq.

Onu da qeyd edək ki, konfrans ənənəvi olaraq 1999-cu ildən təşkil olunur. Konfransda informasiya təhlükəsizliyi sahəsində ən son yeniliklər, yaranan təhdidlər və əsas problemlər barədə ekspert məsləhətləri dinlənilir, ixtisaslaşmış istehsalçılar tərəfindən son həllərin praktiki nümayişi təqdim olunur. Konfransda iştirak Avropanın təhlükəsizlik mütəxəssisləri və aparıcı sənaye təchizatçıları ilə əməkdaşlıq qurmaq imkanı və sair yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.