İQTİSADİYYAT


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri Moskvada “Rabitə” sərgisində iştirak edir

Bakı, 23 aprel, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) nümayəndə heyəti Rusiyanın paytaxtı Moskvada aprelin 23-də işə başlayan “Svyaz-2019” (Rabitə-2019) XXXI Beynəlxalq İnformasiya-Kommunikasiya Texnologiyaları Sərgisində iştirak edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, NRYTN-in aparat rəhbərinin müavini Zamin Nurəhmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə “Bakı Telefon Rabitəsi” MMC və “AzInTelecom” MMC-nin mütəxəssisləri daxildir. Nümayəndə heyəti sərgi çərçivəsində keçirilən forumda ölkəmizi təmsil edib, sərgiyə təşkil edilən VIP turda iştirak edərək sahə üzrə işgüzar münasibətlərin genişləndirilməsi üçün bir sıra görüşlər keçiriblər. Rusiyanın rəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Oleq İvanovla görüşdə informasiya-kommunikasiya texnologiyaları sahəsində ölkələrarası əməkdaşlıq müzakirə olunub.

Aprelin 26-da başa çatacaq sərgidə Azərbaycanla yanaşı, 15 ölkədən – Belarus, Almaniya, İsrail, İran, İtaliya, Kipr, Çin, Koreya Respublikası, Latviya, Niderland, Rusiya, Rumıniya, ABŞ, Finlandiya, Fransadan 392 şirkət iştirak edir.

Sərgidə stasionar, mobil, peyk və optik-lif rabitəsi, şəbəkə, telekommunikasiya və server avadanlığı, kabel, peyk televiziya və radio yayımı sistemləri, proqram təminatı, informasiya təhlükəsizliyi, virtuallaşdırma, internet texnologiyaları, elektron ticarət sahəsində həllər və xidmətlər təqdim olunur.

1975-ci ildən keçirilən “Svyaz” sərgisi MDB və Şərqi Avropada telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən böyük tədbir hesab edilir. Sərgidə qabaqcıl nailiyyət və texnologiyalar nümayiş etdirilir, növbəti il üçün bazarın inkişaf perspektivləri müəyyənləşdirilir. Sərgi aktual məsələlərin müzakirəsi, sahə üzrə peşəkarların, tədarükçü və alıcıların ünsiyyəti üçün əlverişli müzakirə meydançası sayılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.