REGİONLAR
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi Mingəçevir və Yevlaxda vətəndaşları qəbul edəcək
Bakı, 9 oktyabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2019-cu ilin oktyabr ayında vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi vətəndaşlarla görüşəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə oktyabrın 11-də saat 12:00-da Mingəçevir şəhərində Mingəçevir və Ağdaş sakinlərini, nazirin birinci müavini Əli Abdullayev isə həmin tarixdə saat 12:00-da Yevlaxda rayon sakinlərini qəbul edəcək.
Nazirliyin rəhbərliyi nəqliyyat, telekommunikasiya (o cümlədən internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları dinləyəcəklər.
Vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, 1655 nömrəli Çağrı mərkəzi, (012) 598-38-18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb, qəbula yazıla bilərlər.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt filialı və telekommunikasiya qovşağı tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaq. Bunun üçün vətəndaşlardan Mingəçevir şəhərində (024) 275-29-99, Ağdaş rayonunda (020) 235-51-58, Yevlax rayonunda (022) 336-46-46 nömrəli telefona zəng etmələri xahiş edilir.