REGİONLAR
Nəqliyyat hadisəsi zamanı xəsarət alan 85 yaşlı Şəki sakininin vəziyyəti orta-ağır kimi qiymətləndirilir
Şəki, 20 aprel, AZƏRTAC
Aprelin 20-də günorta saatlarında Şəkidən Mingəçevirə gedən sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində xəsarət alaraq qapalı kəllə-beyin travması və ətrafların sınığı diaqnozu ilə Şəki rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Şəki rayonunun Sarıca kənd sakini, 1932-ci il təvəllüdlü Eyvazova Gülqələm İsabala qızının hazırkı durumu orta-ağır kimi qiymətləndirilir. Qəza zamanı xəsarət alan Mingəçevir şəhər sakini, 1946-cı il təvəllüdlü Kərimova Şükufə Məcid qızına isə ilkin tibbi yardım göstərildikdən sonra o, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına göndərilib.
Bu barədə AZƏRTAC-a Şəki rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini Knyaz Məmmədov məlumat verib.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral avtomobil yolunun 30-cu kilometrliyində, Şəki rayonunun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə nəticəsində üçü azyaşlı olmaqla, 17 nəfər xəsarət alıb. Hadisə zamanı xəsarət alan sürücü Raqif Mürşüdov və digər sərnişinlər isə xəstəxanada müayinə edildikdən sonra xəsarətləri yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.