REGİONLAR
Nəqliyyat naziri Lerikdə vətəndaşları qəbul edib ViDEO
Lerik, 22 aprel, Bağır Əliyev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, aprelin 22-də nəqliyyat naziri Ziya Məmmədov Lerik Rayon Mədəniyyət Mərkəzində Astara, Lənkəran və Lerik rayonlarından olan vətəndaşları qəbul edərək onların şikayət və təkliflərini dinləyib.
AZƏRTAC xəbər verir ki, qəbuldan əvvəl nazir Ziya Məmmədov və Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponat və fotoşəkillərə baxıblar.
Qəbul zamanı müraciətlər əsasən rayonlarda sərnişindaşımanın müasir tələblər səviyyəsinə yüksəldilməsi üçün tədbirlərin görülməsi, Astara və Lerikdə müasir tipli yeni avtovağzal binalarının tikilməsi, Lənkəran-Gəncə və Lənkəran-Mingəçevir avtobus marşrutunun bərpası, rayondaxili avtomobil yollarının əsaslı təmiri ilə bağlı olub.
Qəbul zamanı qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Bəzi vətəndaşların Nazirliyin səlahiyyətlərinə aid olmayan, şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.