REGİONLAR
Nəqliyyat naziri Naftalan şəhərində vətəndaşları qəbul edib
Bakı, 7 oktyabr, AZƏRTAC
Nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 7-də Naftalan şəhərində vətəndaş qəbulu keçirib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.
AZƏRTAC xəbər verir ki, nazir Goranboy, Tərtər rayonlarında və Naftalan şəhərində yaşayan vətəndaşları qəbul edərək, onların müraciət, şikayət və təkliflərini dinləyib.
Vətəndaşların müraciətlərinə əsasən, Goranboy-Tapqaraqoyunlu, Goranboy-Goran stansiyası, Goranboy-Xanqərvənd yeni marşrut xətlərinin açılması təklif olunub.
Eyni zamanda, Tərtər avtovağzalının yaxınlığında qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin görülməsi, Naftalan-Goranboy-Naftalan marşrut xətti üzrə sərnişindaşımada kənar müdaxilələrin qarşısının alınması, Naftalan-Səfikürd avtomobil yolunun (5 km) təmiri üçün müraciətin müvafiq quruma göndərilməsi, Naftalan-Bakı-Naftalan və Naftalan-Gəncə-Naftalan marşrut xətlərində işləyən avtobusların yeniləri ilə əvəzlənməsi xahiş edilib.
Tərtər rayonunun nəqliyyat-yol kompleksində və görülmüş digər işlərlə əlaqədar minnətdarlıq ifadə olunub.
Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınıb.