REGİONLAR
Nəqliyyat naziri Qusarda vətəndaşların müraciətlərini dinləyib VİDEO
Qusar, 29 fevral, Elxan Yusifli, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək göstərirlər.
AZƏRTAC xəbər verir ki, növbəti belə qəbul fevralın 29-da Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib. Nəqliyyat naziri Ziya Məmmədov Quba, Qusar və Şabran rayonlarından olan vətəndaşları qəbul edərək, onların şikayət və təkliflərini dinləyib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin Qusar şəhərində ucaldılmış abidəsi ziyarət olunub, abidənin qarşısına gül dəstələri düzülüb.
Qəbul zamanı vətəndaşlar Bakı-Şabran-Bakı, Quba-Nügədi avtobus marşrutları üzrə fəaliyyət göstərən fərdi sahibkarlara sərnişindaşıma işində kömək göstərilməsi, Qusar şəhərində 2 saylı şəhərdaxili marşrut xəttinə əlavə yeni avtobusların buraxılması, Şabran şəhərində müasir standartlara uyğun avtovağzal kompleksinin layihələndirilməsi və tikintisi və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.
Qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.