REGİONLAR
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Göygöldə vətəndaşları qəbul edib VİDEO
Göygöl 31 avqust, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, avqustun 31-də nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Göygöl rayonunda bölgə vətəndaşlarını qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbuldan əvvəl nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov ümummilli lider Heydər Əliyevin onun adını daşıyan Mərkəzin qarşısındakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Heydər Əliyev Mərkəzində keçirilən qəbulda R.Quluzadə Gəncə, Naftalan şəhərlərinin, Daşkəsən, Göygöl, Goranboy, Samux, Xocalı və Kəlbəcər rayonlarının sakinlərinin müraciətlərinə baxıb. Vətəndaşlar əsasən telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul və digər məsələlərlə bağlı müraciət ediblər.
Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərə dair müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.