REGİONLAR
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qubada vətəndaşlarla görüşüb VİDEO
Quba, 30 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 30-da nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Quba şəhərindəki Heydər Əliyev Mərkəzində şimal rayonlarından olan vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzülərək, xatirəsi ehtiramla anılıb.
Nazir Ramin Quluzadə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan vətəndaşlarla görüşdə əhaliyə göstərilən nəqliyyat, telekommunikasiya və poçt xidmətləri, eləcə də bu sahədə bölgələrdə sakinləri maraqlandıran digər məsələlərlə bağlı müraciətləri dinləyib.
Müraciətlər əsasən telekommunikasiya, internet, poçt xidmətləri, yol və körpülərin tikintisi və təmiri, yeni marşrut xəttinin açılması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Nazir Ramin Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Görüşdə nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlər barədə müraciətlər də qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
Vətəndaşlarla görüşdən sonra nazir Ramin Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqlarının və poçt filiallarının, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Müşavirədə telekommunikasiya və nəqliyyat sahələri üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti, vətəndaşların şikayətləri, sahə üzrə həyata keçirilən islahatların vətəndaş məmnunluğuna yönəldiyi diqqətə çatdırılıb.
Nazir müvafiq sahə rəhbərlərinə xidmətin keyfiyyətinin yüksəldilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması, hər bir vətəndaşın müraciətinə fərdi və həssaslıqla yanaşılması barədə tapşırıqlar verib.