REGİONLAR
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Şəkidə bölgə vətəndaşlarını qəbul edib VİDEO
Şəki, 7 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
İyulun 7-də nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Şəki şəhərində Sabit Rəhman adına Dövlət Dram Teatrının binasında şimal-qərb bölgəsindən olan vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzülərək, xatirəsi ehtiramla anılıb.
Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən şəhər və rayonlarında yaşayan vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətləri dinlənilib. Müraciətlər əsasən telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı, poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, həmçinin yol təmiri və tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbul zamanı vətəndaşların müraciətlərində qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
Nazir Ramin Quluzadə qəbuldan sonra Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən şəhər və rayonlarının telekommunikasiya qovşaqlarının və poçt filiallarının, eləcə də Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Müşavirədə telekommunikasiya və nəqliyyat sahələri üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti və sahə üzrə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.
Nazir müvafiq sahə rəhbərlərinə xidmətin keyfiyyətinin yüksəldilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması, hər bir vətəndaşın müraciətinə fərdi və həssaslıqla yanaşılması barədə tapşırıqlar verib.