İQTİSADİYYAT


Nəqliyyat üzrə ekspert: İran, ilk növbədə, Rəşt-Astara dəmir yolu xəttini inşa edib başa çatdırmalıdır

Tehran, 5 iyul, AZƏRTAC

Tranzit sahəsində regionda üstün mövqeyə sahib olmaq üçün İran, ilk növbədə, Rəşt-Astara dəmir yolu xəttini inşa edib başa çatdırmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikri “Mehr” xəbər agentliyinə müsahibəsində Nəqliyyat Şirkətləri Assosiasiyasının İdarə Heyətinin üzvü Həsən Dost Həqi deyib. O bildirib ki, yolu tikib başa çatdırmaq üçün nəqliyyat tikintisi aparan şirkətlər investisiya imkanları ilə təmin edilməlidir.

Beynəlxalq nəqliyyat üzrə ekspert nəzərə çatdırıb ki, bu gün dünyada tranzit yükdaşımalar iqtisadi inkişafın dayağı hesab olunur. Ukraynada baş verən hadisələr nəqliyyat dəhlizlərinin Asiya qitəsinə tərəf yönəlməsinə səbəb olub. Bu imkandan İran maksimum istifadə etməlidir. Bunun üçün İranın bütün imkanları var. Rəşt-Astara dəmir yolu “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin ən vacib seqmentini təşkil edir.

Ekspert hesab edir ki, İranı Azərbaycan Respublikası və Rusiya ilə birləşdirən bu yol tamamlandıqdan sonra “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi aktivləşəcək. Nəticədə yüklər Cənub-Şərqi Asiya ölkələrindən, eləcə də Fars körfəzi sahilindəki dövlətlərdən Avropaya və əks istiqamətə məhz bu dəhlizlə daşınacaq.

Onun fikrincə, Çabahar-Zahidan dəmir yolu ilə Rəşt-Astara dəmir yolunun birləşəcəyi təqdirdə Xəzəryanı dövlətlər həm Cənub-Şərqi Asiya ölkələrinə, həm də Fars körfəzi ölkələrinə çıxış əldə edəcəklər. Təbii ki, bu yollarla həyata keçirilən tranzit yükdaşımalar İrana ciddi gəlir gətirəcək. İranın tranzit potensialını qiymətləndirən ekspert bildirib ki, bu yollar aktiv olarsa, ildə 20 milyard dollar gəlir əldə etmək mümkündür.

Qeyd edək ki, Rəşt-Astara dəmir yolu Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun davamıdır. Yolun Qəzvin-Rəşt hissəsi istismara verilib, Lakin Rəşt-Astara hissəsinin tikintisi davam edir. İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar bu yolun tikintisinin sürətləndirilməsinə maneə olur.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.