CƏMİYYƏT
Nəqliyyat vasitələrinin Texniki Müayinə mərkəzləri Qurban bayramı günlərində fasiləsiz fəaliyyət göstərəcəklər VİDEO
Bakı, 19 iyul, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə bir daha müraciət edib.
İdarədən AZƏRTAC-a daxil olan müraciətdə nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslərin istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməli olduqları diqqətə çatdırılıb. Bildirilib ki, bunun üçün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonunda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzində, Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərindəki Müayinə Mərkəzində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər. Respublikanın digər şəhər və rayonlarının sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş İdarənin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində avtomobillərini texniki baxışdan keçirə bilərlər. Texniki baxışdan keçməyən avtomobillər xüsusi texniki vasitələrin köməyi ilə müəyyənləşdirilərək, sürücüləri cərimə olunacaqlar.
Sürücülərdən Qurban bayramı ilə əlaqədar olaraq qeyri-iş günlərindən istifadə edib avtomobillərini texniki baxışdan keçirmələri tövsiyə olunur. Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin Sabunçu və Qaradağ rayonlarında, eləcə də bölgələrdə yerləşən Texniki Müayinə mərkəzləri bayram günlərində gücləndirilmiş iş rejimində səhər saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərəcəklər. Sürücülərdən xahiş olunur ki, texniki baxışa avtomobillərini saz vəziyyətdə təqdim etsinlər.
Bundan başqa, vətəndaşlar avtomobillərinin texniki baxışdan keçirilməsi ilə əlaqədar onları maraqlandıran məsələlərin operativ öyrənilməsi üçün 012 511-08-40 nömrəli qaynar xətlə də əlaqə saxlaya bilərlər.