İQTİSADİYYAT
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtda tıxacların aradan qaldırılması məqsədilə bir sıra təkliflər hazırlamışdır
Bakı, 20 fevral (AZƏRTAC). Fevralın 20-də Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə NİİM-in baş direktoru Elnur Abdullayev 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərən Mərkəzin əsas məqsədinin ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılması olduğunu bildirmişdir.
Baş direktor ötən il paytaxtda tıxacların və digər nəqliyyat problemlərinin aradan qaldırılması, sərnişin daşımaları sahəsində xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə qurum tərəfindən bir sıra təkliflərin işlənib hazırlandığını və baxılması üçün aidiyyəti təşkilatlara təqdim edildiyini vurğulamışdır.
Qeyd olunmuşdur ki, bir çox küçələrdə işıqforlarda “yaşıl dalğa” sistemi tətbiq edilmiş, nəqliyyat sıxlığını aradan qaldırmaq üçün pik və qeyri-pik saatlar nəzərə alınaraq işıqforların vaxt dövrü Mərkəz tərəfindən izlənilmişdir.
Bildirilmişdir ki, elektron informasiya tablolarında yayımlanan nəqliyyat informasiyaları formalarının daha oxunaqlı, başa düşülən və sürücülərə faydalı olması üçün bir sıra dəyişikliklər edilmişdir. Bakı şəhərinin əsas küçə və prospektlərində aparılan təmir-tikinti işləri, dövlət tədbirləri və bayramlarla əlaqədar məlumatlar da elektron informasiya tabloları vasitəsilə sürücülərə çatdırılmışdır.
Eyni zamanda, NİİM-in və “Bakı Sərnişin Nəqliyyatı” MMC-in mütəxəssisləri birgə araşdırmalar apararaq marşrut şəbəkəsində baş verən bütün dəyişiklikləri mütəmadi olaraq sistemdə qeyd etmişlər.
Tıxac məsələsinə toxunan baş direktor bir illik fəaliyyət əsasında aparılan araşdırmaların nəticəsi olaraq yollarda yaranan tıxacların əsas səbəblərdən biri kimi məhz qeyri-qanuni parklanmanı qeyd etmişdir.
Ötən il NİİM–in sərəncamında olan videokameralar vasitəsilə qeydə alınan görüntülərdən cinayətkarlıqla mübarizədə və yol-nəqliyyat hadisələrinin araşdırılmasında istifadə edilməsi üçün hüquq mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulduğunu deyən E.Abdullayev, ictimaiyyəti daha ətraflı məlumatlandırmaq məqsədilə NİİM-in “twitter” və “facebook” kimi sosial şəbəkələrdə rəsmi səhifələrinin açıldığını demişdir.
Bundan əlavə, Mərkəzin “niim.az” internet səhifəsi və mobil telefonlar üçün proqram təminatı hazırlanaraq əhalinin istifadəsinə verilmiş, ötən ilin aprel ayından etibarən 141 nömrəli “qaynar xətt” xidməti fəaliyyətə başlamışdır. “Qaynar xətt” həftənin bütün günü 07:00-dan 23:00-dək xidmət göstərir.
Baş direktor NİİM-in gələcək planlarını da açıqlamışdır. Qeyd olunmuşdur ki, 2013-cü ildə şəhərin nəqliyyat sisteminin təkmilləşdirilməsi, əhaliyə göstərilən nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, təhlükəsizliyin və iqtisadi səmərəliliyin artırılması, operativ informasiya təminatı əsas prioritet məsələlərdir.
Sonda jurnalistlərin sualları cavablandırılmışdır.