CƏMİYYƏT
Nəriman Nərimanovun həyat və yaradıcılığı gürcü dilində təbliğ olunacaq
Tbilisi, 18 noyabr, AZƏRTAC
Nəriman Nərimanovun həyat və yaradıcılığı təkcə Azərbaycan və Gürcüstan ictimaiyyəti üçün deyil, dünya ictimaiyyəti və ədəbiyyatı, dramaturgiyası üçün zəngin və qiymətli mənbədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri gürcü politoloq, “TV24” mediaholdinqinin icraçı direktoru Badri Natçkebiya böyük ədib, dramaturq və həkim Nəriman Nərimanovun Gürcüstanda daha yaxından tanıdılması ilə bağlı layihənin təqdimatında söyləyib.
Layihənin baş məsləhətçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva bildirib ki, Gürcüstan bürosu xəbər verir ki, layihə “SOCAR Energy Georgia” şirkəti və “TV24” mediaholdinqinin birgə əməkdaşlığı ilə həyata keçiriləcək. Layihədə əsas məqsəd Gürcüstanda böyük ədib N.Nərimanovun yaradıcılığını təbliğ etmək, onun Azərbaycan-Gürcüstan dostluğunun möhkəmlənməsindəki rolu barədə ictimaiyyəti məlumatlandırmaqdır.
Onun sözlərinə görə, “Gürcüstanın səsi” radiosunda Azərbaycanın görkəmli ictimai-siyasi xadimi və böyük ədibi Nəriman Nərimanovun “Bahadır və Sona” pyesi gürcü dilində səsləndiriləcək.
Gürcüstanın radio dinləyiciləri azərbaycanlı yazıçının əsəri ilə 107.9 FM dalğasında 6 ay ərzində Kote Marcanaşvili adına Dövlət Dram Teatrının aktyoru Zviad Sxitladzenin təqdimatında tanış ola biləcəklər.
Radionun efirində, həmçinin N.Nərimanovun həyat və yaradıcılığı ilə bağlı azərbaycanlı və gürcü ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə canlı müzakirələr də aparılacaq.
Mediaholdinqin icraçı direktoru, professor, Gürcüstanın Əməkdar jurnalisti Badri Natçkebiya bildirib ki, Nəriman Nərimanovun yaratdığı əsərlər dünya ədəbiyyatı inciləri sırasında yer alıb. Layihənin əsas məqsədi gürcüləri Nəriman Nərimanovun yaradıcılığı ilə daha yaxından tanış etməkdir.
Onun sözlərinə görə, Nəriman Nərimanov Gürcüstanda hər zaman çox sevilib. Bu görkəmli şəxsiyyət gələcəkdə də Gürcüstan və Azərbaycan arasında əsas dostluq simvollarından biri olaraq qalacaq.
“Layihə çərçivəsində ədiblə bağlı bioqrafik veriliş də hazırlanacaq və “TV24”ün efirində yayımlanacaq”, – deyə B.Natçkebiya vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi