ELM VƏ TƏHSİL
Nərimanov, Nizami rayonları üzrə müəllim və valideynlərin müraciətləri dinlənilib
Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də Nərimanov, Nizami rayonları üzrə müəllim və valideynlərin ənənəvi səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, Məktəb Lisey Kompleksində keçirilən qəbulda vətəndaşlar təhsil müəssisələrinin təmiri, kurikulumla bağlı təlimlərin keçirilməsi, metodiki dərs vəsaitlərinin artırılması və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşların müraciətləri qeydiyyata alınıb. Bir sıra məsələlər yerindəcə həllini tapıb, digərlərinin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.