SİYASƏT
Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşdırılmış kurslar davam edir
Bakı, 25 avqust, AZƏRTAC
Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə bütün respublikanı əhatə edən irimiqyaslı layihənin ikinci mərhələsi çərçivəsində avqustun 25-də 19 saylı Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasında aşağı seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilir.
AZƏRTAC xəbər verir ki, dairə seçki komissiyasının sədri Etibar Abdullayev Milli Məclisə seçkilərlə bağlı hazırlıq işlərindən danışıb. Bildirilib ki, 45 min 760 seçicisi olan dairə seçki komissiyasının ərazisində 35 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Məntəqələrdən 10-da veb-kamera quraşdırılıb. Komissiya üzvlərinin normal fəaliyyət göstərməsi üçün məntəqələrdə hər cür şərait yaradılır.
Kursun ikinci günündə “Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri”, “Milli Məclis seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili ”, “Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri” mövzularında məruzələr dinlənilib. İxtisaslaşdırılmış kurslarda, həmçinin seçkilərə hazırlıq prosesində dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən vəzifələrdən ətraflı danışılıb.
İxtisaslaşdırılmış kurslar 20 saylı Nərimanov ikinci, 18 saylı Nərimanov-Nizami seçki dairələri dairə seçki komissiyalarında da keçirilir.