CƏMİYYƏT
Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasında maarifləndirici treninqlər keçirilib
Bakı, 29 yanvar, AZƏRTAC
Yanvarın 29-da Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün maarifləndirici treninqlər keçirilib.
AZƏRTAC xəbər verir ki, dairə seçki komissiyasının sədri Azad Nəbiyev Milli Məclisə seçkilərlə bağlı hazırlıq işlərindən danışıb. Bildirilib ki, 44 min 588 seçicisi olan dairə seçki komissiyasının ərazisində 35 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Məntəqələrin bəzilərində veb-kameralar quraşdırılıb. Komissiya üzvlərinin normal fəaliyyət göstərməsi üçün məntəqələrdə hər cür şərait yaradılıb.
Treninqlərin üçüncü günündə dairə seçki komissiyasının üzvü Şamil Məmmədov səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki günü prosesləri və müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, bülletenlərin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması, səsvermə proseslərinə dair praktiki tapşırıqlar barədə məlumat verib.
Eləcə də seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri, Milli Məclisə seçkilərin keçirilməsi, nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili ilə bağlı məsələlərə toxunulub.
Maarifləndirici treninqlərdə, həmçinin seçkilərə hazırlıq prosesində dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən vəzifələrdən danışılıb.
Qeyd edək ki, treninqlər 20 saylı Nərimanov ikinci seçki dairəsi dairə seçki komissiyasında da keçirilir.